MAHMUDOVA QƏTİBƏ ÇİNGİZ QIZI

Mahmudova Qətibə Çingiz qızı 1975-ci il noyabrın 7-də anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri 36 saylı orta məktəbi fərqlənmə attestatı ilə, 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin bakalavr pilləsini, 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına (indiki doktoranturasına) Türk dilləri ixtisası üzrə qəbul olunmuşdur. 2007-ci ildə “Qıpçaq qrupu türk dillərinin frazeologiyası” adlı dissertasiyanı müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2012-ci ildə AAK tərəfindən dosent elmi adı verilmişdir.

“Türk dillərinin frazeologiyası” (Bakı: Nurlan, 2009, 297 səh.), “Müasir türk dillərində sözyaratma üsulları”(Bakı: Zəngəzurda, 2021, 290 səh.), “Qıpçaq qrupu türk dillərinin frazeologiyası” (Türkiyə, Ankara, Akçağ nəşriyyatı, 2021, 290 səh. )  monoqrafiyalarının, 90-dan çox elmi məqalə və tezisin müəllifi, (“Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri” (Bakı, 2012, 3. c.) adlı kollektiv monoqrafiyanın həmmüəllifidir. Elmi məqalələri Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Koreya, Avstriya, Kipr, Türkmənistan və İranda çap olunmuşdur.

         2008-ci ildən etibarən mütəmadi olaraq beynəlxalq konfranslarda çıxış etmişdir. Türkiyənin İstanbul, Ankara, İzmir, Kayseri, Eskişehir, İzmit, Qars, Çanakkala şəhərlərində, o cümlədən Kiprin Lefkoşa, Maqusa, Girnə və Türkmənistanın Aşqabad şəhərlərində keçirilmiş beynəlxalq konfranslarda türkologiyanın müxtəlif sahələrinə həsr olunmuş elmi məruzələrlə çıxış etmişdir.

         2012-ci ildən “Müasir türk dillərində söz yaradıcılığı” adlı elmlər doktorluğu dissertasiyası üzərində çalışır. Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi 2020-ci ilin oktyabr ayından Dilçilik İnstitutu Həmkarlar Təşkilatının sədridir.  

         İki qız anasıdır.