Qurbanov Habil Surxay oğlu

Habil Surxay oğlu Qurbanov 14 mart 1955-ci ildə Ağdamda anadan olmuşdur.

Maarif xadimi Surxay Qurbanovun oğludur. 1971-ci ildə Ağdam 1 saylı orta məktəbini bitirmişdir. 1971-1975 illərdə Azərbaycan Pedaqoji İnstitutunin coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. AMEA-da kiçik elmi işçi kimi fəaliyyətə başlayan Habil Qurbanov 1975-1976 illərdə Ukraynanın Xmelnitski şəhərində hərbi xidmətdə olmuşdur O, 1976-1980 illərdə Bakı şəhəri Nəsimi Rayon Komsomol Komitəsində işləmişdir. 1980-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris hissəsinin müfəttişi vəzifəsində çalışmışdır. 1982-1985 illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla müvəffəqiyyətlə bitirmişdir.

 

Habil Qurbanov 1984-1986 illərdə Bakı Milis Məktəbində qiyabi bölmənin rəisi, 1986-1990 illərdə məktəbin rəis müavini vəzifələrində çalışmışdır. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul edilmiş, Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsində prokuror, böyük prokuror vəzifələrində çalışmışdır. 1994-1995 illərdə Qaradağ rayon prokurorunun müavini, prokuror əvəzi, 1995-1997 illərdə Dəvəçi (Şabran) rayon prokuroru, 1997-2001-ci illərdə respublika prokurorluğunda cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır.

Habil Qurbanov 1988-ci ildə Moskvada SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, "Cinayət hüququ" sahəsində dissertasiya işini müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, RF-nın hüquq elmləri doktoru diplomunu almışdır. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona hüquq elmləri doktoru, 2010-cu ildə isə professor elmi adı diplomlarını vermişdir.

Alim 300 elmi və publistik məqalənin, 15 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir. Onlardan 4 monoqrafiya və 65 elmi məqalə xarici ölkələrdə dərc olunmuşdur. Onun "Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin nəzəri əsasları" monoqrafiyası 1997-ci ildə Moskvada çap edilmişdir. O, hüquq elmləri doktoru, professor A.V.Naumovun "Cinayət hüququ" dərsliyini Azərbaycan dilinə çevirmiş və redaktoru olmuşdur.

Uzun illər hüquq elmləri üzrə Müdafiə Şuralarının üzvü və Birdəfəlik hüquq elmləri doktorluğu üzrə Dissertasiya Surasının sədri olmuşdur.Uzun illər Azərbaycan Rеspublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Hazırda AMEA-nın Fəlsəfə, Sosiologiya, Hüquq və Siyasi elmlər üzrə Problem Şurasının və İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür. Onun elmi rəhbərliyi ilə 3 nəfər hüquq üzrə elmlər doktoru, 10 nəfər hüquq üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Hazırda 5 nəfər doktorant və dissertantın elmi rəhbəridir.

Avropa Humanitar Elmlər Aklademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikidir. Beynəlxalq Narkotizmlə Mübarizə Cəmiyyətinin üzvüdür.

H.Qurbanov respublikada yeni qanunlarının yaradılmasında yaxından iştirak etmiş, Azərbaycanda ilk dəfə olaraq 1996-cı ildə yeni Cinayət Məcəlləsinin (ümumi hissə) layihəsini hazırlamış və onu ictimaiyyətin müzakirəsinə vermişdir. Habil Qurbanov 2010-cu ildən 2016-cı ilin dekabr ayınadək Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun "Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses" şöbəsinin müdiri vəzifəsində çalışmış, 2016-cı ilin dekabr ayından hazıradək AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisidir. 2017-ci ilin fevral ayında AMEA Azad Həmkarlar İttifaqının sədr müavini, 2017-ci ilin iyul ayında sədr əvəzi kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin noyabr ayından hazıradək AMEA Azad Həmkarlar İttifaqının sədridir.

H.e.d., prof. H.S.Qurbanov AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Elmi əsərlər" beynəlxalq elmi-nəzəri, DİN Polis Akademiyasının elmi-nəzəri, "Qanun" elmi-hüquq jurnallarının, həmçinin Rusiya Federasiyasının Ədliyyə Naziyliyi nəzdindəki Hüquqi İnformasiyalar Elmi Mərkəzinin «Правовая информатика», Moskva şəhərinin "ЮНИТИ-ДАНА" nəşriyyatının "Государственная служба и кадры", "Закон и право", "Образование. Наука. Научные кадры", "Мониторинг правоприменения" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.