Həsənov Hacı Nuru oğlu

Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olub. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir.

1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır.

1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir.

1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İndiyədək onun Azərbaycan, Argentina, İran, Norveç və Rusiyada müxtəlif dillərdə 70-dən çox elmi əsəri çap olunmuşdur. On bir monoqrafiyanın müəllifi və həmmüəllifidir.

2012-ci ildə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

1992-ci ildən institut Həmkarlar Komitəsinin sədridir. Ona qədər

  1. Abdulla Fazili
  2. Rauf Əhmədov
  3. Bəxtiyar Sayıloğlu Həmkarlar Komitəsinə sədrlik etmişlər.

Həmkarlar Komitəsinə sədrlik etdiyi dövrdən bu günə kimi hər il institut əməkdaşları üçün Yeni il şənliyi, Novruz bayramı şənliyi keçirib.Yeni il şənliyində əməkdaşların övladlarına yolka biletləri paylamışdır. 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə qadınlara hədiyyələr alıb paylamışdır.1 iyun uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbirlər keçirmişdir. Dəfələrlə institut əməkdaşlarının azərbaycanın müxtəlif rayonlarına turist səfərlərini təşkil etmişdir. İnstitut əməkdaşlarına sanator-kurort yollayışları vermişdir. Vəfat etmiş əməkdaşların ailə üzvlərinə maddi yardım göstərilməsini təmin etmişdir. Əməkdaşların yubileylərini təntənəli surətdə qeyd etmişdir.