Paşa Tanrıverdi Əhməd oğlu

Tanrıverdi Əhməd oğlu Paşa 1950-ci il dekabrın 9-da Ermənistanın Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. 1968-ci ildə Ardanış kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1974-cü ildə oranı bitirərək mühasib-iqtisadçı ixtisası almışdır. 1974-cü  ilin avqustundan 1976-cı ilin fevralınadək təyinatla Yüngül Sənaye Nazirliyinin 3 saylı Tikiş fabrikində baş mühasibin müavini işləmişdir. 1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.

1976-1979-cu illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 1979-cu ildən həmin institutda baş laborant, iqtisadçı-mühəndis, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 2000-2002-ci illərdə «İnformasiya və statistika», 2002-2008-ci illərdə «Maliyyə və vergi problemləri», 2008-ci ildən indiyədək «Maliyyə, pul-kredit siyasəti» şöbələrinin müdiri vəzifəsində çalışır və həm də şöbədə aparılan elmi tədqiqatlara rəhbərlik edir.

Dərc etdirdiyi elmi əsərlərin böyük əksəriyyəti maliyyə, büdcə-vergi, banklar, pul-kredit problemlərinə həsr olunmuşdur. 2000-2001-ci illərdə «Azərbaycanda vergilər» və «Neft-qaz sənayesində bazar mexanizmlərinin formalaşdırılması istiqamətləri» (həmmüəlliflə), 2011-ci ildə «Qlobal maliyyə böhranı: səbəbləri, dünya və Azərbaycan iqtisadiyyatı üçün nəticələri» adlı üç monoqrafiya, 7 kollektiv monoqrafiya, 1 dərslik (kollektiv), «Rusca- azərbacanca iqtisadiyyat terminləri» və «Maliyyə-kredit terminləri» lüğətləri, Naxçıvan MR-ın yaradılmasının 75 illiyinə həsr edilmiş analitik tarixi-statistik məcmuə, 200-ə yaxın elmi məqalə (onlardan 9-u xaricdə) və 50-yə yaxın tezis, çap etdirmişdir. Respublikanın müxtəlif mərkəzi qəzet (XALQ, Respublika, Azərbaycan, ELM və s.) və jurnallarında 50-yə yaxın müxtəlif məqalələri çap olunmuşdur. Eyni zamanda institutda dərc olunan 40-a yaxın monoqrafiya və məcmuənin elmi redaktoru olmuşdur. Respublika və beynəlxalq miqyasda keçirilən (Rusiya, Belorus, Türkiyə, Özbəkistan, Yunanıstan) 50-yə yaxın elmi-praktik konfranslarda məruzə ilə çıxış etmişdir. Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildində (2007) dərc olunan 6,5 çap vərəqi həcmində 4 irihəcmli məqalənin həmmüəllifi, həm də həmin ensiklopediyanın ixtisas (iqtisadiyyat üzrə) redaktorudur.  

1998-2017-ci illər ərzində Azərbaycan Respublikasının Dövlət Statistika sistemində islahatların aparılmasına və rəsmi statistikanın təkmilləşdirilməsinə dair Azərbaycan Prezidentinin (hər biri 5 illik olmaqla 4 mərhələni əhatə edən) müvafiq  fərmanları ilə təsdiq edilmiş Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak edir. Həmin Proqramın yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərancamı ilə Dövlət Statistika Komitəsi nəzdində yaradılan “Statistika Şurasının” və “Metodoloji şuranın” üzvüdür. Qeyd edilən Proqram çərçivəsində yerinə yetirilən tədqiqat işlərinin yekunu «Ölkə iqtisadiyyatının sektorlar üzrə təhlilinin metodoloji əsasları» adı ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən kütləvi surətdə nəşr edilərək istifadə və tətbiq üçün respublikanın müvafiq idarə və təşkilatlarına göndərilmişdir.

Respublika parlamentinin qəbul etdiyi bir sıra qanunların (Vergi Məcəlləsi, Elm və elmi fəaliyyət haqqında, Bələdiyyə vergiləri haqqında, Dövlət mülkiyyətinin özəlləşdirilməsi, və s. haqqında qanunların, Azərbaycan Respublikası Regionlarının sosial - iqtisadi inkişafının sürətləndirilməsi haqqında Dövlət Proqramının) komissiyalarda və müvafiq institutlarda müzakirələrində, həmçinin Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına dair institutda tərtib edilən müxtəlif kompleks proqramların, konsepsiyaların hazırlanmasında iştirak etmişdir. Elmi tədqiqatlarında irəli sürdüyü təklif və tövsiyyələrin müxtəlif Nazirlik və komitələrdə nəzərə alınmasına dair 3 Tətbiq arayışı var.

1994-2012-ci illərdə AMEA Rəyasət Heyətinin nəzdindəki Terminologiya Komissiyasının, 2012-ci ilin martından isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasının üzvüdür.

1989-cu ildən İqtisadiyyat İnstitutunun Elmi Şurasının və onun nəzdindəki Elmi Seminarın üzvüdür. Həmin ildən İnstitut Həmkarlar təşkilatının sədri kimi Akademiyanın və İnstitutun ictimai həyatında fəal iştirak edir.

2000-ci ildə onun həmmüəllifi olduğu «Azərbaycan iqtisadiyyatının dünəni və bu günü» adlı kollektiv elmi əsər Asiya Müsəlmanları təşkilatının I pul mükafatına layiq görülmüşdür. 2005-ci ildə məhsuldar elmi fəaliyyətinə görə AMEA –nın 60 illik Yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyətinin FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.

T.Ə. Paşa institutda işlədiyi müddətdə özünü işgüzar, icraçı, nümunəvi işçi kimi göstərməklə, elmi erudisiyası, təvazökarlığı və qayğıkeşliyi ilə kollektivin hörmətini qazanmışdır. Hazırda son 20 il ərzində apardığı elmi tədqiqatların və dərc etdirdiyi elmi monoqrafiya və məqalələrin ümumiləşdirilmiş yekunu kimi «İqtisadi sistemin transformasiyasında fiskal və monetar mexanizmlərindən istifadənin təkmilləşdirilməsi»  mövzusunda namizədlik dissertasiyasını tamamlamışdır və müzakirəyə təqdim etmək ərəfəsindədir.

Rus, alman, türk, həmçinin slavyan və digər türkdilli xalqların elmi ədəbiyyatından sərbəst istifadə edə bilir.

Ailəlidir, bir qızı və 2 oğlu vardır.