Xəbərlər
24.02.2017 - 15:00
Xocalı soyqırımı tarixin qanlı səhifəsidir

Fevralın 24-də AMEA Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AHİ sədri, iqtisad üzrə elmlər doktoru İsa Alıyev iclası açaraq Xocalı soyqırımının ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdiyi qırğınların pik nöqtəsi olduğunu bildirib. Qeyd edib ki, faciədən 25 il ötsə də, bir çox dövlətlər hələ də bunu rəsmi şəkildə qəbul etmək istəmir: "Bu o deməkdir ki, bizim varlığımız hələ də kimlərisə narahat edir. Bu gün Azərbaycan haqlı olaraq öz ordusunu gücləndirir və güclü ordumuzun olması bizi qürurlandırır. Biz başımızı dik tutmalı və quruculuq işlərimizi davam etdirməliyik".

Sonra Xocalı şəhərinin polis rəisi olmuş Sabir Məmmədov çıxış edib. O, həmin dövrlərdə Özbəkistanda işlədiyini, lakin ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə dözməyərək vətənə qayıtdığını bildirib: "Mən yeni yaradılmış Xocalı milis bölməsinin rəisi vəzifəsinə təyin olundum. Lakin bölmənin binası, şəxsi heyəti və silah-sursatı yox idi. Ermənilər hər vasitə ilə işləməyimizə mane olmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, problemləri aradan qaldırdıq və vətənpərvər oğulları milisə cəlb etdik. Demək olar ki, ermənilər bütün gün şəhəri güllə atəşinə tuturdu. Həmin dövrdə ermənilərin Xocalıda planları ilə bağlı mərkəzə məlumat göndərsək də, bizi süni gərginlik yaratmaqda ittiham edirdilər".

AHİ sədrinin müavini, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Ədəbiyyat İnstitutunun Həmkarlar Komitəsinin sədri, filologiya elmləri doktoru Asif Rüstəmli, Fizika İnstitutunun aparıcı elmi işçisi Rəhim Ələkbərov və jurnalist Rauf İlyasov çıxışlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin miqyasından danışıblar. Qeyd olunub ki, soyqırım nəticəsində mülki vətəndaşlarımızla yanaşı, qədim mədəniyyətimiz də məqsədli şəkildə məhv edilib. Natiqlər ermənilərin bu vəhşiliyi hətta özlərinin də təsdiqlədiyini bildiriblər.