Xəbərlər
13.03.2017 - 13:00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda İnstitutun Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat seçki konfransı keçirilib.

Hesabat iclasını bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açıb. O, ilk olaraq iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Daha sonra söz HİK-in sədri Sitarə Bağırovaya verilib. S.Bağırova HİK-in qarşısına qoyduğu əsas məqsədlərdən, hesabat ili oktyabrın 3-ü 2012-ci ildən martin 10-u 2017-ci il ərzində müdriyyətlə bağlanmış kollektiv müqavilədən, İnstitutda görülən işlərdən, gənclərə göstərilən köməklikdən bəhs edib. Qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcrayə Komitəsinin sərəncamı ilə 2015-ci ildə elmi nəticələrinə görə Həmkarlar Komitəsinin hər birində 3 nəfər gənc “İlin peşəkar gənci” müsabiqəsinə sənədlər təqdim edib. Musabiqənin nəticələrinə əsasən, Fizika İnstitutunun 2 əməkdaşı “İlin peşəkar gənci” fəxri adları və medalları ilə təltif olunub. Fizika İnstitutunda əməkdaşlar üçün yaradılan şəraitdən danışan S. Bağırova bildirib ki, hesabat ili ərzində 40 nəfərə ailəvi yol vərəqələri verilib. Həmçinin, Balakən, Zaqatala, Şəki, Qusar, Lənkəran, Lerik və Şamaxıya, eyni zamanda, İstanbula 4 günlük, Tbilisiyə 1 günlük turist səfərlərinin təşkil edildiyini vurğulayıb. 

O, 19 sentyabr -7 oktyabr 2016-cı ildə Fizika İnstitutu HİK-in təşəbbüsü ilə AMEA-da institutlar arasında dörd növ üzrə (futbol, dama, stolüstü tennis və şahmat) I Spartakiadanın keçirildiyini qeyd edib. AMEA Azad Həmkarlar İttifaqı (AHİ ) Rəyasət Heyətinin qərarına əsasən, 15 İnstitut arasında qalib olmuş Fizika İnstitutunun komandası I dərəcəli diplom və kubokla təltif edilib. Daha sonra sədr AMEA AHİ Rəyasət Heyətinin müvafiq təşkilatlar qarşısında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, mənzil və s. problemlərinin həll olunması istiqamətində görülən işlərdən bəhs edib. 

İclas Fizika İnstitutunun Nəzarət Təşkilat Komitəsinin sədri Heyran Novruzovanın çıxışı ilə davam edib. O, İnstitut HİK-nin öz fəaliyyətini “Həmkarlar İttifaqı” haqqında qanuna, müdriyyətlə 2013-2016-cı illər üzrə bağladığı kollektiv müqaviləyə və hər il təsdiq etdikləri smeta xərclərinə əsasən həyata keçirdiyini vurğulayıb. 
İnstitutun direktoru Nazim Məmmədov İnstitutun HİK-nin fəaliyyətindən məmnun qaldğını və Komitənin gələcək fəaliyyətində uğrular arzu edib. 

İnstitutun laboratoriya müdiri Hidayət Nuriyev HİK-in fəaliyyətindən razı olduğunu bildirib. Daha sonra Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev İnstitutun direktoru Nazim Məmmədova HİK ilə əməkdaşlığına görə minnətdarlığını bildirib. Bəzi sosial problemlərin hələ də həllini tapmadığını vurğulayıb. Lakin tezliklə, problemlərin həllini tapacağına ümid etdiyini qeyd edib. 

AHİ-in sədr müavini, hüquq elmləri doktoru Habil Qurbanov çıxışında bildirib ki, Fizika İnstitutunun HİK-i bu illər ərzində aktiv fəaliyyət göstərib və Komitə AMEA-nın aparıcı təşkilatlarından biridir. O, istər hüquq, istərsə də, digər sahələrdə Fizika İnstitutunun HİK ilə gələcəkdə birlikdə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu vurğulayıb. 
Daha sonra təşkilati məsələlərə baxılıb. İclasda HİK-ə üzvlər Nəzarət Təşkilat Komitəsinə 3 nəfərdən ibarət üzv və AMEA AHİ-nin VII qurultayına 3 nəfər nümayəndə seçilib. 
İnstitut HİK-nə sədr vəzifəsinə isə İnnovasiya sektoru rəhbərinin köməkçisi, aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova seçilib. 
Sonda 19 sentyabr -7 oktyabr 2016-cı ildə Fizika İnstitutu HİK-in təşəbbüsü ilə AMEA-da institutlar arasında dörd növ üzrə keçirilmiş I Spartakiadaya həsr olunmuş kitabça qonaqlara təqdim olunub.