Xəbərlər
04.06.2017 - 11:00
Fizika İnstitutunda X sinif şagirdləri arasında keçirilmiş “IV Fizika Olimpiadası”nın və Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş AMEA GAMŞ-ın “IV Futbol Çempionatı”nın qaliblərinin mükfatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, ilk olaraq həm Olimpiada qaliblərini, həm də futbolçuları birincilik münasibəti ilə təbrik edib. 
Daha sonra söz İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovaya verilib. O qeyd edib ki, Fizika İnstitutunun komandası artıq ikinci dəfədir ki, ənənəvi olaraq aprel-may aylarında keçirilən futbol çempionatda qalib olur. Vurğulayıb ki, komanda 2014-cü ildə keçirilmiş futbol çempionatının və ötən il təşkil olunmuş I Spartakidanın gümüş mükafatçısıdır. 
 Tədbir Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynovanın çıxışı ilə davam edib. O, mayın 6-da məktəblilər arasında keçirilmiş IV Fizika Olimpiadası haqqında məlumat verib. Bildirib ki, Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiadanın sualları İnstitutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlanıb.
Olimpiadanın qaliblərinə I,II və III dərəcəli və həvəsləndirici diplomlar, qızıl, gümüş və bürünc medallar verilib. Mükafatları İnstitutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və elmi katib, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov təqdim edib. 
Sonda Fizika İnstitutunun futbol komandasının qələbəsinə həsr olunmuş video nümayiş olunub. İkiqat çempionlara xatirə şəkilləri təqdim olunub. Qeyd olunub ki, hər bir komanda üzvü müdriyyətin əmrinə əsasən pul mükafatı alacaq.