Xəbərlər
10.10.2017 - 15:00
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Beynəlxalq Elmi Konfransın rəsmi təqdimat Milli Elmlər Akademiyasında baş tutdu.

24-25 Noyabr, 2017-ci il tarixində “Azərsu” ASC, Qlobal Saziş Azərbaycan Şəbəkəsi, Clarivate Analytics, Türkiyənin Hak-İş Konfederasiyası və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində işlərin uğurla davam etdirilməsinə dəstək üçün “Dünyamızın transformasiyası: Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfrans təşkil olunacaq.
2 gün ərzində tədbir iştirakçıları Dayanıqlı İnkişaf Məqsədlərlə bağlı yaranan çətinliklər ətrafında müzakirələri aparmaq, müxtəlif sahələrdən olan mütəxəssisləri dinləmək və ideyaları,təcrübələri vəgözləntiləri bölüşmək üçün görüşəcəkdir.Bu müzakirələr zamanı bilik, elmi inkişafın , yerli və qlobal arenaların qarşılıqlı münasibətlərinin yaranmasına xüsusi diqqət yetiriləcəkdir.
Ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi olduğunu və yerli mütəxəssislər, elmi-araşdırmacıların konfransda iştirakını daha geniş təmin etməyi nəzərə alaraq, Təşkilat Komitəsi bir sıra ali təhsil ocaqlarımızda rəsmi konfrans təqdimatlarının keçirilməsinə start verib.
04 oktyabr, 2017-ci il tarixində, Azərbaycan Milli Elmlər Akademiyasında Beynəlxalq Konfransın rəsmi təqdimatı Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə təşkil olundu. Tədbirdə elmi tədqiqatçılar, alimlər, ictimai xadimlər və müxtəlif təşkilat nümayəndələri iştirak edirdilər.
Həmkarlar İttifaqının sədri Habil Qurbanov tədbirin açılışında cəmiyyətin davamlı inkişafa, sosial bərabərsizliyin azaldılmasına, yerli və qlobal səviyyədə yaşayış şəraitinin yaxşılaşdırılmasına dair qlobal transformasiyaya ehtiyacı olduğunu bildirərək, Azərbaycan Respublikasının bu istiqamətdə əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verdi.Sonra sözü Layihə rəhbəri, Beynəlxalq Konfransın Təşkilat Komitəsinin sədri Xəyalə Məmmədovaya verdi.
Xəyalə Məmmədova çıxışında bildirdi ki, bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir. 24-25 noyabr 2017- ci il tarixində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində işlərin uğurla davam etdirilməsinə dəstək üçün beynəlxalq elmi konfrans təşkil etməyi planlaşdırırıq.“Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlanan beynəlxalq elmi konfrasın əsas məqsədi yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması, bilik və texnologiyaların və s. intensiv ötürülməsinə yönəlik 17 məqsəd əsasında davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətinə və səfərbər edilməsinə elmi yanaşmadır.Qeyd etdi ki,bu vəzifələrin həyata keçirilməsində bir çox amillərlə yanaşı, elm və tədqiqatların əhəmiyyəti çox böyükdür və hədəflərin reallaşdırmasına böyük önəm verir.Çünki Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə çatmaq üçün düzgün statistikaya böyük ehtiyac vardır.
Çıxış üçün növbəti söz Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Milli Əlaqələndirmə Şurasının rəsmisi Elnur İbrahimova verildi.Elnur İbrahimov çıxışında Milli Əlaqələndirmə Şurasının yaranma tarixi və fəaliyyəti haqqında geniş məlumat vererək, İlham Əliyevin Prezident kimi fəaliyyət dövrünün Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdar olduğunu vurğulayaraq, qeyd etdi ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.
Belə bir dövrdə dayanıqlı inkişafın təmin edilməsi məsələsinin gündəmə gətirilməsi, bu yöndə vacib prinsiplərin araşdırılmasına dair fikir mübadiləsinin aparılması zəruridir, çünki dayanıqlı inkişaf iqtisadi, sosial və ekoloji aspektləri əhatə etməklə hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin də tələbatlarını ödəməyi təhlükə altına qoymayan və bu zaman ölkələrin milli suverenitetinə təhlükə yaratmayan inkişafı nəzərdə tutur. Sevindirici haldır ki, bu istiqamətdə tədbirlərin mütəmadi keçirilməsi artıq ölkəmizdə ənənə halını alıb. 
Konfransın təşkilatçılarından olan “Azərsu” ASC-nin 
rəsmisi Talehə İsmayılova “Azərsu” ASC-nin bu istiqamətdə beynəlxalq səviyyədə gördüyü işlərlə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırdı.Qeyd etdi ki,Hazırda mərkəzləşmiş su təzhizatı ölkə əhalisinin 50.6%-ni, Bakı şəhəri üzrə isə 99.3%-ni əhatə edir. Kanalizasiya xidməti ilə hələlik əhalinin yalnız 32.5%-i təmin olunur.Hazırda “Azərsu” ASC tərəfindən Azərbaycanın bir çox böyük və kiçik şəhərlərinin, qəsəbə və kəndlərində su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin və sabitliyinin əldə olunması məqsədi ilə infrastruktur layihələrinin sistemlərinin yaradılması və mövcud qurğuların rekonstruksiyası icrası işləri davam etdirilir. “Azərsu” ASC-nin Təlim və İnnovasiyalar Mərkəzi təlim sisteminin qurulması, kadr hazırlığı və qısamüddətli təlimlərin keçirilməsi istiqamətində əməli addımlar atılmışdır. 
Çıxışlardan sonra “Dünyamızın transformasiyası: Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfransın veb saytının rəsmi təqdimatı keçirildi.
Təqdimatın sonunda tədbir iştirakçılarının sualları cavablandırıldı.