Xəbərlər
25.12.2017 - 10:00
AMEA İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının rəhbərliyi gənclərlə görüş keçirdilər.

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev, Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, elmi müəssisələrin direktorlarının ümumi məsələlər üzrə müavinləri, Həmkarlar İttifaqlarının sədrləri və akademiyanın gənc alimləri iştirak ediblər.

İclasda GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra İşlər İdarəsinin müdiri F.Abdullayev çıxış edərək Abşeron rayon Saray qəsəbəsində AMEA əməkdaşları üçün tikilən “Science City” yaşayış kompleksi barədə gənc alimlərə məlumat verib.

O, son 4 ildə AMEA-ya məxsus zəbt olunmuş torpaqların geri qaytarılması istiqamətində əməli tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, Xızıda 1705 h., Ağsuda 160 h., Kürdəmirdə 132 h. və Abşeronda 35 h. zəbt olunmuş torpaqlar geri alınaraq sənədləşdirilib. Alim Abşeron rayon Saray qəsəbəsində 7 h. torpaqda AMEA əməkdaşları üçün kooperativ “Science City” yaşayış kompleksinin tikintisinə başlanıldığını söyləyib. Kompleksin AMEA-nın son illərdə ən uğurlu layihələrindən biri olduğunu deyən F.Abdullayev ilkin olaraq 2 blokun, ümumilikdə isə 18 blokda 2 minə yaxın mənzilin istifadəyə veriləcəyini deyib. Bildirib ki, kompleksdə 200 nəfərlik uşaq bağçasının və 1000-ə yaxın şagird üçün məktəb binasının inşası da nəzərdə tutulub: "Tikinti işləri 1,5 ilə başa çatmalı, 2 ilə bütün kommunikasiya xətləri ilə təmin edilməli, 2,3 ilə isə mənzillərin kupçaları təqdim edilməlidir".

O, layihənin sırf AMEA əməkdaşları üçün nəzərdə tutulduğunu, “Science City” yaşayış kompleksinin İşlər İdarəsi, AHİ və tikinti şirkətinin sıx nəzarətində tikiləcəyini diqqətə çatdırıb. İdarə rəisi təhlükəsizlik baxımından bütün sənədlərə sözügedən qurumların hər birinin vizasının tələb ediləcəyini söyləyib.

F.Abdullayev tezliklə kompleksin təməlatma mərasimin keçiriləcəyini diqqətə çatdırıb.

Alim cari ildə, həmçinin AMEA-nın "Qonaq Evi"nin açıldığını, akademiya əməkdaşları üçün poliklinikanın istifadəyə verilməsinin planlaşdırıldığını söyləyib.

Sonra AHİ-nin sədri Habil Qurbanov çıxış edərək şəhərciyin AMEA əməkdaşlarının ödənişləri hesabına tikiləcəyini, nəqliyyat və digər zəruri infrastrukturlarla təmin ediləcəyini deyib.

Bundan əlavə, AHİ sədri növbəti il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublikanın gənc alimlərinin iştirakı ilə müsabiqənin keçiriləcəyini, qaliblərin pul mükafatı ilə təltif olunacağını vurğulayıb.

Daha sonra iclasda GAMŞ-ın Yer Elmləri və Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələri üzrə hesabatları dinlənilib.

Sonda Azərbaycan Gənc Alimlərinin I Qurultayının nəticələri barədə müzakirələr aparılıb.