Xəbərlər
04.01.2018 - 11:00
Fizika İnstitutunda İnstitutun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Həmrəylik günü” və “Yeni il” bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, ümumi işlər üzrə direktor müavini fizika üzrə fəlsəfə doktoru İlqar Nəsibov, İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov iştirak edib. Tədbiri giriş sözü ilə İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Sitarə Bağırova açıb. O, bayram münasibəti ilə İnstitut əməkdaşlarını təbrik edib. S. Bağırova qarşıdan gələn 2018-ci ildə hər bir əməkdaşa can sağlığı, xoşbəxtlik və firavanlıq arzu edib.
Tədbir AMEA AHİ-nin sədri Habil Qurbanovun çıxışı ilə davam edib. O, Fizika İnstitutunun nailiyyətlərindən söhbət açıb. Sədr Abşeron rayonu Saray qəsəbəsində AMEA əməkdaşları üçün tikiləcək kooperativ evlərdən də bəhs edib. Çıxışının sonunda Habil Qurbanov Fizika İnstitutunun əməkdaşlarını yeni təqvim ili və “Həmrəylik günü” münasibəti ilə təbrik edib. 
Daha sonra GAMŞ-ın sədri Qafil Dəmirov çıxış edib. O, İnstitut əməkdaşlarını təbrik edib, gənc tədqiqatçılara elmi işlərinə uğurlar və yeni elmi nailiyyətlər arzu edib. 
Sonda Sədiyar Rəhimov və İlqar Nəsibov da İnstitut əməkdaşlarını bayram münasibəti ilə təbrik edib.