Xəbərlər
15.01.2018 - 15:00
Milli Oftalmologiya Mərkəzi Akademiya əməkdaşları üçün pulsuz müayinə aksiyası keçirdi.

11-12 yanvar 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin təşəbbüsü və Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA-nın bir sıra institutlarının (İnformasiya Texnologiyaları İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Rəyasət Heyəti, Riyaziyyat və Mexanika İnstitutu, İqtisadiyyat İnstitutu, Mərkəzi Elmi Kitabxana, Coğrafiya İnstitutu, Tarix İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Şərqşünaslıq İnstitutu, Elm Tarixi İnstitutu, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu və.s) əməkdaşları üçün pulsuz göz müayinəsini həyata keçirdi. Humanitar aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edildi, onların görmə itiliyi, göz təzyiqi yoxlanıldı və zəruri müalicə tədbirləri müəyyənləşdirildi.

Milli Oftalmologiya Mərkəzinin Eksimer-Lazer şöbəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq, cərrah Aygün Səfərovanın sözlərinə görə, bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

O, göz müayinəsinin keçirilməsi üçün Səyyar Klinikanın geniş texniki imkanlara malik olduğunu qeyd etdi. Bildirdi ki, aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyalar aşkarlanmışdır ki, bu da kompüterlə sıx təmasda olan insanlar üçün xarakterikdir: “Kompüterdən mütəmadi istifadə edən şəxslərin ildə iki dəfə müayinədən keçmələri, müalicəvi göz damcılarından istifadə etmələri, iş otağının havasını tez-tez dəyişmələri məsləhət görülür”.

A.Səfərova bu aksiyanın AMEA-nın digər institut və təşkilatlarında da keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir.