Xəbərlər
03.05.2018 - 11:00
“DAVAMLI SOSİAL-İQTİSADİ İNKİŞAF ÜÇÜN LAYİQLİ İŞ” İQTİSADİYYAT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ KONFRANSINDA İŞTİRAK EDİBLƏR

Mayın 1-2-də Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri” adı altında layihənin yekunu olaraq «Davamlı sosial-iqtisadi inkişaf üçün layiqli iş» mövzusunda konfrans keçirilib. AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları -«Maliyyə, pul-kredit siyasəti» şöbəsinin müdiri Tanrıverdi Paşa və «Beynəlxalq əlaqələr» şöbəsinin müdiri, i.f.d. Rüfət Efendiyetədbirdə iştirak ediblər.  

T.Paşa və R.Efendiyev konfransın 2 gün davam edən «Azərbaycan kontekstində layiqli əmək, əməyin gələcəyi – BƏT-in prinsiplərinin kollektiv məsuliyyəti»nə dair plenar müzakirələrdə dayanıqlı iqtisadi inkişafın təmin olunmasında  sosial amillərin rolunun nəzərə alınmasının vacibliyini qeyd ediblər. Konfransda dinlənilən məruzələrdə son illərdə əhalinin həyat səviyyəsinin yüksəlməsi, gəlirlərin və orta aylıq əmək haqqının artması, yeni iş yerlərinin, xüsusən əksəriyyəti regionlarda olmaqla daimi iş yerlərinin açılması, işsizliyin azalması, demoqrafik vəziyyətin əlverişliliyi – doğum səviyyəsinin işçi qüvvəsinin təkrar istehsalını təmin etmək iqtidarında olması, orta ömür müddətinin yüksəlməsi, əmək qabiliyyətli əhalinin tərkibində gənc yaş qruplarında olanların üstün olması, pensiyaların artması, qeyri-formal iqtisadiyyatın payının azalması və s. sosial məsələlər haqqında çox nikbin fikirlər səsləndiriblər. Bununla yanaşı, ölkəmizdə sosial sahədə mövcud vəziyyət -  beynəlxalq təcrübə və bu göstəricilərin beynəlxalq standartlara uyğun ölçülməsi, həmçinin elmi cəhətdən əsaslandırılması baxımından  sosial-iqtisadi dayanıqlılığın meyarlarına və indiqatorlarına tam cavab vermir. Azərbaycanın dayanıqlı sosial inkişafının təmin olunmasının mövcud neqativ təzahürləri: ÜDM-də əmək gəlirlərinin payının çox aşağı olması, doğum əmsalının azalması, son illərdə doğulan uşaqlarda cins nisbətinin pozulması, gəlirlərdə bərabərsizliyin qalması, xüsusən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi tarif-ixtisas cədvəllərindəki dərəcələr arasındakı fərqlərin uyğunsuzluğu,  əhalinin qocalması və hər işləyənə düşən pensiyaçının artması, əmək bazarında məşğulluq və işsizliklə bağlı real vəziyyətin düzgün qiymətləndirilməməsi, gənclər arasında işsizliyin daha yüksək olması, gənclərə təklif edilən iş yerlərindən imtina etmələri və s.  ciddi narahatlıq doğurur. Əməkdaşlarımız bu neqativləri doğuran səbəblər haqqında öz mülahizələrini bölüşüblər və bu sahədə vəziyyətin yaxşılaşdırılması, baş verəcək neqativ təsirlərin önlənməsinə dair təklif və tövsiyələrini bildiriblər.

Tanrıverdi Paşa «Qeyri-formal iqtisadiyyatla mübarizə», «Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid» mövzusunda müzakirələrdə «Dayanıqlı sosial inkişaf»la bağlı statistik məlumatların işlənməsi, müayinələrin aparılması və həmin materialların analitik və elmi şərhinin verilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və AMEA İqtisadiyyat İnstitutunun birgə tədqiqat qrupunun yaradılmasını təklif edib.