Xəbərlər
17.07.2018 - 10:00
AMEA-NIN İNSTİTUT VƏ TƏŞKİLATLARININ HƏMKARLAR KOMİTƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ AZƏRBAYCANIN GÖZƏL GUŞƏLƏRİNƏ GƏZİNTİ TƏŞKİL OLUNUB

         Hər il olduğu kimi bu il də AMEA İnstitutlarında Həmkarlar Komitəsinin təşkilatçılığı və maliyyə dəstəyi ilə əməkdaşların mədəni istirahətinin təşkili üçün Azərbaycanın rayonlarına turistik səfərlər davam etdirilməkdədir. Belə ki, 16-18 iyun 2018-ci il tarixlərində Fizika institutunun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırovanın təşkilatçılığı ilə institut əməkdaşlarının və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının keçirdiyi V Futbol Çempionatında qalib olan Fizika institutunun futbol komandasının iştirakı ilə (ümumilikdə 37 nəfər) Şamaxıda yerləşən “Pirqulu” istirahət mərkəzinə və “Qobuland” əyləncə mərkəzinə turist səfəri təşkil edilmişdir. Eyni zamanda 14 iyul 2018-ci il tarixində Dendrologiya İnstitutu Həmkarlar Komitəsinin sədri Tünzalə Zeyvəliyevanın təşkilatçılığı ilə İnstitut əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli keçirilməsi üçün Azərbaycanın səfalı guşələrindən  birinə - Quba rayonu mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən II Nügədi kəndi ətrafında Çənlibel gölünə bir günlük istirahəti təşkil edilmişdir.