Xəbərlər
21.02.2020 - 12:00
FİZİOLOGİYA İNSTİTUTU KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİB

Son günlər Çin Xalq Respublikasının Uhan bölgəsində tüğyan edən “Coronavirus 2019-n CoV” epidemiyasının yayılması nəticəsində artıq mindən çox insanın həyatını itirdiyi  bildirilir. Maarifləndirmə və təbliğat - təşviqat işlərini gücləndirilməsi məqsədilə AMEA-nın akademik Abdulla Qarayev adını Fiziologiya İnstitutunun  Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə koronavirusla bağlı tədbir keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Əhməd Hacıyev açaraq ölkə başçısının tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında akademiyanın elmi müəssisə və təşkilatlarında da maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlanıldığını bildirib.

Daha sonra Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Könül Cəfərova koronavirus və ondan qorunma yolları haqqında məlumat verib. Bildirib ki, virusun insandan-insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. K. Cəfərova virusun immuniteti zəif olan insanlara daha tez yoluxduğunu söyləyib. Vurğulayıb ki, baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinirsə dərhal həkimə müraciət edilmədir. O, profilaktik tədbir olaraq əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul edilməsinin önəmini vurğulayıb.

Daha sonra tədbirdə koronavirusla bağlı alimlərin sualları cavablandırılıb, təklifləri dinlənilib.