Xəbərlər
28.02.2020 - 15:00
AMEA BOTANİKA İNSTİTUTUNDA KORONAVİRUSA DAİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı Botanika İnstitutunun   əməkdaşları üçün koronavirusa dair maarifləndirici tədbir keçirilib.

Tədbirlərdə Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin lab. müdiri Nəzakət Məmmədova  virus və ondan mübarizə yollarına dair məlumat veriblər. Ölkə başçısının tapşırığına əsasən, Çindən başlayaraq dünyaya yayılan koronavirus və ondan qorunma metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığı, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyi bildirilib.

Diqqətə çatdırılıb ki, ilk dəfə 1960-cı ildə heyvanlarda aşkarlanan xəstəlik növbəti illərdə insanlara da yoluxub və 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) formasında üzə çıxaraq 774 nəfərin, 2012-ci ildə isə Orta Şərq Respirator Sindromu (MERS) şəklində 862 nəfərin ölümünə səbəb olub.

Tədbirlərdə koronavirusun Çinin Uxan şəhərində aşkarlanan yeni növünün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 adlandırıldığı, immuniteti zəif olan insanlara tez yoluxmaqla əsasən aşağı tənəffüs yollarını zədələdiyi qeyd edilib. Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması, nəfəs çatışmazlığı və digər halların xəstəliyin ilkin simptomları olduğu bildirilib. Epidemioloqlar virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyərək, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının zəruriliyini qeyd edib.

Sonda xəstəliklə bağlı geniş müzakirələr aparılıb, əməkdaşların sualları cavablandırılıb.