Xəbərlər
09.10.2020 - 09:00
QARABAĞDAKI UĞURLARIMIZ MÜDRİK SİYASƏTİN BƏHRƏSİDİR

Şükür ki, uzun illərdir həsrətlə gözlədiyimiz zaman – doğma torpaqlarımızı fitnəkar düşmənlərdən təmizləmə günlərimiz gəldi. Xoşbəxtik ki, bu günləri görürük. İndi hansı azərbaycanlını, Azərbaycanı doğma bilən xalqların nümayəndələrini dindirsən Qarabağdan, Qarabağ uğrunda gedən rəşadətli mübarizəmizdən danışır. Hamının üzündə bir fərəh hissi var. Möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi, “İnsanlar qələbələrimizi eşitdikcə sevincdən ağlayır”. Bəli, prezidentimiz doğru deyir, bu göz yaşları artıq 90-cı illərdəki kədər, qəm, məyusluq dolu göz yaşı deyil. İndiki göz yaşları qürurla, qayğı ilə, şadlıqla, ümidlə dolu göz yaşlarıdır. Bu göz yaşları yeni başlayan gözəl bir günün sübh üzündə, çiçəklər üstündəki şehə bənzəyir. Əziz prezidentimiz hər dəfə doğma torpaqlarımızın azad olunduğunu elan etdikcə hər kəsin qəlbində sabaha inam, vətənimizin yüksəlişi uğrunda mübarizəyə, böyük quruculuq işləri aparmağa həvəs, arzu boy verir. İnşallah, tezliklə hamımızın gözlədiyi yekun qələbəmiz də elan ediləcək! Buna hər kəs inanır!
      Bu günlər apardığımız müqəddəs müharibəyə 30 ildən artıq bir yol gəlmişik. Hələ 1987 – ci ildə mənfur Aqanbekyanın Fransanın “Humanite” qəzetinə Dağlıq Qarabağla bağlı verdiyi müsahibədən, Raisa Qorbarovanın Dağlıq Qarabağı ermənilərə hədiyyə verməsinə söz verməsi müqabilində aldığı rüşvətdən, M. Qorbaçovun kəkələyə-kəkələyə Qarabağ problemindən danışmasından, xalqımızın Azadlıq Meydanındakı haraylarından, 20 Yanvar qırğınından, beynəlxalq aləmin laqeydliyindən, ikiüzlü siyasətindən, özümüzün haqqın, ədalətin qüdrətinə olan inamımızdan başlayır bu müharibəmiz. Bu müharibə xalqımızın tale məsələsidir.

        Biz 30 ildən artıq bir zamanda dözdük. Dünyanın güc mərkəzlərindən öz haqlı tələblərimizə dəstək gözlədik… Onlarsa hər dinəndə demokratiyadan, beynəlxalq hüquqdan, düzlükdən danışa-danışa başımızın altına yastıq qoyub bizi yuxulatmaq, torpaqlarımızı hiylə yolu ilə əlimizdən alıb ermənilərə bağışlamaq yolları axtardılar. Hər dəfə Qarabağ probleminin ədalətlə həll olunması tərəfdarı olduqlarından danışdılar. Amma, bu “ədalətli həll” dedikdə nəyi nəzərdə tutduqlarını demədilər. Bu ötən illər göstərdi ki, onların əksəriyyəti “ədalətli həll” deyə-deyə ədalətsiz həll haqqında düşünüblər. Çox təəssüf! Məncə elə yer üzünü indi bu qədər problemlərə salan bu cür siyasətçilərin fəaliyyətidir. Məhz elə bu cür siyasətçilərin Qarabağ probleminə, ümumiyyətlə yer üzündə bir çox bəlalara səbəb olan fəaliyyətini dərindən təhlil edən prezidentimiz artıq uzun illərdir ki, onların ikiüzlü, çoxüzlü siyasətindən danışır. Onları belə riyakarlığa son qoymağa cağırır.

        Biz çox gözlədik! Haqqın-ədalətin qalib gələcəyi günü gözlədik. Amma gözləməklə yanaşı ağıllı siyasət qurmağa, iqtisadiyyatımızı, ordumuzu daha qüdrətli şəkildə təşkil etməyə, xalqımızın rifah halını yüksəltməyə, sabaha, qələbə çalacağımıza inamı möhkəmləndirməyə çalışdıq. Xalq öz prezidentinə inandı və onun ətrafında hər zaman sıx birləşdi. Provakasiyalara uymadı.

     İndi dünyanın hər yanında çoxları Ermənistanı Azərbaycanla müqayisə edirlər. Azərbaycanın iqtisadi, hərbi üstünlüyündən danışırlar. Azərbaycanın əsas üstünlüklərindən biri isə onun prezidentinin şəxsi keyfiyyətləridir. Ulu tarixə malik, türk, islam mədəniyyətinin yaradıcılarından olan, bu mədəniyyətlərin potensialından güc alan xalqımızın ləyaqətli yetirməsi olan prezidentimizin şəxsi keyfiyyətləri bizə bir çox dolanbaclardan təhlükəsiz keçməyə kömək oldu. Məhz onun analitik təhlilləri hesabına biz möhtərəm Heydər Əliyevin başladığı siyasəti uğurla davam etdirdik, xarici siyasətimizi uğurla qura bildik və Qarabağ həqiqətlərini dünyaya çatdıra bildik. Bununla da torpaqlarımız uğrunda müqəddəs müharibəmizin başlamasına şərait yarada bildik.
Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunda (MDBMİ) təhsil alan, orada dərs deyən, dünyanın ən təcrübəli siyasətçilərindən biri olan Heydər Əliyev məktəbini keçən prezidentimiz üstünlüyümüzü təmin edən çox mühüm potensialımızdır. Onun hər dəfə erməni rəhbərləri ilə bir məclisdə olması, eyni zamanda çıxış etmələri dünya ictimaiyyətinin gözündə ermənilərə kəskin zərbələr vurur. Bizim ciddi, ağıllı prezidentimizin yanında erməni rəhbərləri bir kütbeyin, təlxək sifətində görünür.

       Onun indiki qüdrətli çıxışları göstərir ki, bu uzun illər o, Qarabağın taleyini ən çox düşünənlərdən biri olub. Aydındır ki, öz çiynində necə bir məsuliyyət olduğunun fərqində olaraq bu ağrılara qatlanmaq daha çətindir və daha böyük iradə tələb edir. Erməni cinayətkarlar Qarabağda at oynatdıqca, meydan suladıqca onun hansı əzablar çəkdiyi indiki savadlı, qətiyyətli, diplomatik çıxışlarından da aydın görünür. Onun hansı ağrılar çəkdiyi erməni Paşinyanın dağın başında uşaq-muşaq qarşısında ədabazlıqla “Qarabağ Ermənistanındır” Nöqtə!” sərsəmləməsinə cavab olaraq, olduqca yüksək bir tribunadan beynəlxalq ictimaiyyət qarşısında “Qarabağ Azərbaycanındır! Nida!” haykırtısı ilə cavabından da görünürdü. Təlxək Paşinyan müqəddəs torpağımızda yallı gedəndə, kabab çəkəndə, yeni yaşayış məskənləri salanda, qondarma prezident Şuşada andiçmə mərasimi keçirəndə çoxları cənab Prezidentimizi qınayırdı ki, nədən onların cavabını vermir. O isə müdrikcəsinə susurdu. İndi artıq hər kəsə məlumdur ki, o susa-susa dərin təhlillər aparır, bu iblis balalarının layiqli cavablarını vermək üçün daha uğurlu tədbirlər haqda düşünürmüş. Bu susma diplomatik bir susma imiş. Yüngüllüyə, bambılılığa qarşı müdriklik imiş.

      Bizim indiki qələbələrimizin əsas səbəblərindən biri də xalqımızın Prezidentimizə olan inamı, etibarıdır. Öz vətəni uğrunda qurban getməyə hazır olan xalqımız, gənclərimiz prezidentimizə inanaraq silaha sarılmışlar. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik edilməsi haqqında” Sərancamı əhali arasında bir canlanma yaratdı. Qocalı, cavanlı hər kəs orduya yazılmaq üçün müraciət etdi.

        Bu gün torpaqlarımız hissə-hissə azad olduqca ölkənin bütün əhalisi sevinir. Amma qarabağlıların sevincində bir ayrı məqam da var. Yaşlı qarabağlılar öz uşaqlıq, gənclik dövrlərinin keçdiyi, ata-babalarının qəbri uyuduğu torpaq həsrəti ilə 30 ildir ki, yol gözləyirlər. Qarabağlıların o torpaqlar yadına gəlməyən yeni nəsli isə, hər zaman evdəki yaşlıların söhbətindən, ağrılarından, göz yaşlarından tanıdıqları əfsanəvi ata-baba yurdlarını nəhayət ki, görəcəklərinə görə sevinirlər. Mən özüm də bir qarabağlı olaraq belə bir sevinc içərisindəyəm. 30 ildən artıq sərbəst gəzib dolaşdığım, ruhuma, qanıma işləyən o torpaqlar üçün çox darıxmışam. İndidən o doğma torpaqlara ayaq basacağım, o əziz yerlərin yaralarına dava-dərman qoya biləcəyim günləri gözləyirəm.

       Qəhrəman prezidentimiz İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, artıq bir çox dövlətlər, siyasi xadimlər bizim haqq işimizi dəstəkləyir. Bizim ədalətli olduğumuzu qəbul edirlər. Hörmətli prezidentimiz yaralı hərbçilərlə görüşdə dedi: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.”

    İndi dünyanın bir sıra siyasətçiləri, ölkə başçıları, beynəlxalq təşkilatlar müharibəni dayandırmağın, atəşkəsin zərurətindən danışır. Ağıllı prezidentimiz onlara çox məntiqli bir cavab verir. Deyir ki, biz də atəşkəs tərəfdarıyıq, amma bir şərtlə: Təminat verin, konkret qrafik göstərin ki, işğalçılar bizim doğma ata-baba torpağımızdan nə vaxt çıxacaqlar. Beynəlxalq hüquqa nə vaxt əməl edəcəklər. BMT – nin qətnamələrinə nə vaxt əməl edəcəklər? Bu məntiqə cavab gücü olmayanların özünü ciddi adam sayması qeyri məntiqidir.

      İndi həm Azərbaycan, həm də bizə sədaqətli qardaş dəstəyi göstərən, uzun illər bizə güclü ordu yaratmaqda kömək edən Türkiyə təkcə Qarabağ uğrunda mübarizə aparmır. Həm də bütün yer üzündə haqqın-ədalətin bərpası, haqq işi uğrunda mübarzə aparır. Biz Allah yolundayıq! İblis xislətlilərlə mübarizə aparırıq. Biz bu gün elə həm də Beynəlxalq qurumların, ilk növbədə BMT – nin hüquqlarını, onun şərəfini qoruyuruq. Hər kəsə məlumdur ki, 30 ilə yaxındır ki, BMT Qarabağın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz olaraq azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. Ermənilər bu qətnamələrə əməl etməməklə eyni zamanda BMT – nin nüfuzuna zərbə vururlar. Bizim mübarizəmiz həm də bu nüfuzun qorunmasına xidmət edir.

Hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov
AMEA, Azad Həmkarlar İttifaqının sədri
I Qarabağ müharibəsi veteranı