Xəbərlər
18.03.2021 - 13:00
"XARIBÜLBÜL" MÖVZUSUNDA MÜSABİQƏ ELAN OLUNUR.

AMEA-nın Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti, və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Xarıbülbül" mövzusunda, foto və əl işlərindən ibarət rəsm müsabiqəsi elan olunur.

27 mart – Elm Gününə həsr olunmuş müsabiqənin ana xətti Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, uzun illər həsrətində olduğumuz Vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ Müharibəsində rəşadətli ordumuzun şanlı Qələbəsində nümayiş etdirdikləri şücaəti gənc rəssamların gözü ilə hər kəsə çatdırılmasından ibarətdir.

Müsabiqədə iştirak etmək istəyənlər ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə aprelin 10-dək əl işlərini arazli.tunzale@mail.ru ünvanına göndərməlidirlər.

Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Seçim zamanı uşaqların əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.

İlk üç yerin qalibləri fəxri diplomla bərabər aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

- I yer – 200 manat;

- II yer – 100 manat;

- III yer – 50 manat.

Müsabiqənin yekun sərgisi 15 aprel tarixində Dendrologiya İnstitutunda keçiriləcək.

Ünvan: Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 89.

Tel.: (+994 12) 454 10 50, (+994 77) 300 31 73.