Xəbərlər
05.07.2021 - 15:39
DİLÇİLİK İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QUBAYA SƏFƏR ETDİ

Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 26 iyun 2021-ci il tarixində institutun 29 əməkdaşı Quba rayonunun səfalı yerlərinə səyahət etmişdir.  Həmkarlar Təşkilatı ilə Natali Travel şirkəti arasında bağlanmış müqaviləyə əsasən Dilçilik İnstitut əməkdaşlarının səfər xərcləri Həmkarlar Təşkilatı tərəfindən ödənilmişdir. Əməkdaşları aparan avtobus Bakı-Siyəzən-Quba istiqamətində hərəkət etmişdir.

Səfər çərçivəsində əməkdaşların istirahətlərini təşkil etməklə yanaşı, tarixi keçmişi yada salmaq, xalqımızın soyqırımı faciəsi ilə yerində tanış olmaq nəzərdə tutulmuşdur. Bu məqsədlə Quba Soyqırımı Memorial  Kompleksi ziyarət olunmuş, alimlər muzey əməkdaşları tərəfindən əhatəli məlumatlandırılmış, sonra xatirə şəkilləri çəkdirmişlər.

Kompleksi ziyarətdən sonra əməkdaşlar Quba labirint meşəsində gəzmiş, daha sonra Asmalı körpüyə, Nazlı bulağa səfər etmiş, Qəçrəş meşəsindəki “Aynur” istirahət mərkəzində, həmçinin Çənlibel gölünün kənarında yüksək səviyyədə istirahət etmişlər.

Qeyd edək ki, səfər çərçivəsində pandemiyadan qorunmaq məqsədilə karantin qaydalarına ciddi əməl olunmuşdur.

Səyahət institut əməkdaşlarının yaddaşında xoş xatirələr buraxmış, alimlər Həmkarlar Təşkilatına təşəkkürlərini bildirmişlər.