Xəbərlər
15.07.2021 - 15:00
RSXM-NİN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA YARDIM EDİLİB

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan əməkdaşların, eləcə də şəhid ailələri və Vətən müharibəsinin qazilərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının Müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində mərkəzin Həmkarlar Təşkilatı tərəfindən daha bir humanist addım atılıb. Mərkəzdə çalışan aztəminatlı ailələrdən olan əməkdaşlara RSXM -nin Həmkarlar Təşkilatı tərəfindən ərzaq yardımı, şəhid ailələri və Vətən müharibəsinin qazilərinə isə maddi yardım göstərilib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əməkdaşları qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edərək, onların sosial-iqtisadi problemlərinin, maddi rifahının yaxşılaşdırılmasının hər zaman diqqətdə saxlanıldığını bildirib.

Ötən il Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək, xalqımıza qələbə sevincini yaşatdığını bildirən baş direktor “Bizim qəhrəman, mərd oğullarımız, gənclərimiz, əsgər və zabitlərimiz cənab Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə elə dərs verdilər ki, xalqımızın övladları, gələcək nəsillər də bu şərəfli tariximizlə hər zaman fəxr edəcəklər” - deyib.

Mərkəzdə çalışan qazilərin və şəhid ailələrinin problemlərinin şəxsən özünün nəzarətində olduğunu bildirən professor şəhidlərimizin xatirəsinin hər zaman ehtiramla yad edildiyini deyərək, qazilərə tezliklə sağlamlıqlarına qovuşmağı arzu edib. Baş direktor bildirib ki, bu cür tədbirlər bundan sonra da davam etdiriləcəkdir.