Xəbərlər
16.07.2021 - 10:55
AMEA MOLEKULYAR BİOLOGİYA VƏ BİOTEXNOLOGİYALAR İNSTİTUTUNDA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN MÜSABİQƏSİ KEÇİRİLİB

İyulun 15-də AMEA Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun  yaradılmasının 5 illiyi münasibətilə institutun 30 yaşa qədər gənc alim və mütəxəssislərinin elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilib. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın əmri ilə müvafiq müsabiqə komissiyası yaradılıb, həmçinin müsabiqə qaydaları təsdiqlənib. Müsabiqənin əsas məqsədi xüsusi tədqiqatçı istedadına malik gəncləri üzə çıxararaq həvəsləndirməkdən, onlara elmi araşdırma və təhlilaparma bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarət olub. Müsabiqəyə öz işlərini təqdim etmiş namizədlərin anket məlumatları, elmi əsərləri, yerinə yetirdikləri tədqiqat işlərinin aktuallığı, müasirliyi, metodologiyası, nəzəri və praktiki əhəmiyyəti komissiya tərəfindən ətraflı müzakirə olunub. Akademik İradə Hüseynova, müsabiqə komissiyasının və institutun elmi şurasının üzvləri namizədlərin elmi araşdırmalarını əks etdirən posterlərə baxış keçiriblər. Sonra namizədlər komissiya qarşısında çıxış edərək, üzvlərin çoxsaylı suallarını cavablandırıblar. Qeyd edilən proseslərdə AMEA Azad Həmkarlar İttifaqının sədr müavini, kimya elmləri doktoru, professor  Raya Nəcəfova da iştirak edib.

Müsabiqənin nəticələrə əsasən adları aşağıda göstərilən şəxslər I, II, III yerə layiq görülmüşlər və hər biri müvafiq şəkildə mükafatlandırılmışlar:

1. Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundova I yer - 500 AZN,

2. Proteomiks beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva II yer 300 AZN

3. Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova II yer 300 AZN,

4. Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova III yer 250 AZN,

5. Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Leyla Xəlilova III yer 250 AZN.

Tədbirin sonunda akademik İradə Hüseynova gənc alim və mütəxəssislərə göstərilən qayğı və maliyyə dəstəyə görə AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyinə öz dərin təşəkkürünü bildirib, qalibləri təbrik edib, onlara tövsiyələrini çatdırıb, gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.