Xəbərlər
24.09.2021 - 17:00
SEYSMOLOJİ MƏRKƏZDƏ VƏTƏN MÜHARİBƏSI ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB.

Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım gününə həsr olunmuş “Vətən sizə oğul dedi...” adlı tədbir keçirilib. Əvvəlcə iştirakçılar tərəfindən ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bədnam qonşularımızın tarix boyu Azərbaycana qarşı məkrli siyasət apardıqlarını qeyd edərək, ötən əsrin sonlarında ermənilərin öz havadarları sayəsində Azərbaycan torpaqlarının 20 faizini işğal etdiklərini xatırladıb. “30 il biz bu münaqişənin sülh yolu ilə həllini tapmasını gözlədik. Amma ötən ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin bütün istiqamətlərdə Azərbaycanın dövlət sərhəddini pozaraq hücuma keçməsi Vətən müharibəsinin başlaması ilə nəticələndi. Bu müharibədə bütün Azərbaycan xalqı bir yumruq kimi öz Ali Baş Komandanının, ordusunun ətrafında birləşdi. 44 gün davam edən müharibə nəticəsində bizim Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında yüzlərlə kəndlərimiz, işğal altında olan rayonlarımız işğaldan azad olundu. Qarabağın baş tacı Şuşa düşmən tapdağından azad olundu” - deyən baş direktor bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusunun, igid əsgərlərimizin sayəsində tamamilə məhv edildi və bunun nəticəsi olaraq düşmən məğlubiyyəti qəbul etməyə məcbur oldu.
“Təbii ki, bu müharibədə bizim itkilərimiz də oldu” - deyən professor Vətən müharibəsi zamanı hərbiçilərlə yanaşı mülki əhali arasında da itkilərin olduğunu xatırladıb. “Hətta müharibənin gedişində düşmən öz vandallığını davam etdirərək mülki əhalinin yaşadığı yerlərə qadağan olunmuş raketlər atırdı. Gəncəyə, Bərdəyə, Tərtərə qadağan olunmuş raketlərin atılması nəticəsində mülki insanlar arasında erməni vandalizminin qurbanı olan şəhidlərimiz də var. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə sağlıqlarına qovuşmağı arzu edirik” –deyən RSXM-nin baş direktoru mərkəzin on altı əməkdaşının Qarabağ müharibəsində iştirak etdiklərini, iki əməkdaşının övladının isə Vətən müharibəsində şəhid olduqlarını deyib.
RSXM-nin “Bərdə” seysmik stansiyasının müdiri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsinin iştirakçısı, mayor Gəray Əsədov isə öz çıxışında bildirib ki, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi birliyi dünyada heç bir xalq göstərməyib. “Bu müharibə bundan əvvəlki müharibədən fərqli idi. Həm bizim ordumuz ən müasir silah - sursatlarla təmin olunmuşdu, həm də Azərbaycan əsgəri döyüşə tam hazır idi. Azərbaycan xalqı da öz ordusunun, əsgərinin, Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşmişdi. Müharibədə qalib gəlməyin bir səbəbi nizami və döyüşkən ordunun olmasıdırsa, başqa bir amil yüksək əhval-ruhiyyənin olmasıdır. Bizim xalqımız çox mərd xalqdır. Şəhidlərimizin, itkilərimizin olmasına baxmayaraq, Azərbaycan xalqı öz nikbinliyini qorudu və müharibədə zəfər qazandı”. G.Əsədov müharibə xatirələrini də iştirakçılarla bölüşüb.
RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev isə bildirib ki, RSXM-də çalışan müharibə iştirakçılarının və şəhid ailələrinin sosial məsələləri hər zaman diqqətdədir və vaxtaşırı onlara Həmkarlar Təşkilatı tərəfindən maddi yardım göstərilir. Anım günü ərəfəsində də müharibə iştirakçıları və şəhid ailələrinə mərkəzin Həmkarlar Təşkilatı tərəfindən növbəti maddi yardım göstərilib.
Tədbir Vətən müharibəsinin iştirakçıları, şəhidlərimiz və qazilərimizə həsr olunmuş və müəllifi Vətən müharibəsinin iştirakçısı olan, mərkəzin əməkdaşı Sərvət Qurbanzadənin hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.