Xəbərlər
28.12.2021 - 13:00
“31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ” NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda İnstitutun Həmkarlar Təşkilatı ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev ənənəvi olaraq 2021-ci ildə də alimlərimizin səmərəli fəaliyyət göstərdiyini və mühüm nailiyyətlər qazandığını bildirib. İnstitut rəhbəri sonda bütün əməkdaşları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonra çıxış edən İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və bu günün həmvətənlilərimiz üçün əhəmiyyətindən danışıb, eləcə də azərbaycançılıq məfkurəsi və onun təbliğində, dünyada ölkəmizin daha çox tanıdılmasında alimlərimizin fəaliyyətini yüksək qiymətləndirib. Rəvan Mehdiyeva çıxışının sonunda Həmrəylik Gününün dünya azərbaycanlılarına məhz Ümummilli lider Heydər Əliyevin hədiyyəsi olduğunu qeyd edib.

Tədbirdə daha sonra çıxış edən RPİ-nin Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova bildirib ki, istər İnstitut rəhbərliyi, istərsə də Həmkarlar Təşkilatı alimlərimizə və digər İnstitut əməkdaşlarına daim diqqət və qayğı göstərib. Ə.Mikayılova qeyd edib ki, cari ildə də Koronavirus pandemiyası ilə əlaqədar İnstitutda marifləndirici görüşlər keçirilib və inzibati binalara ilkin tibbi yardım preparatları paylanıb, həmçinin “Elm günü” münasibəti ilə gənc alimlərimiz mükafatlandırılıb və maddi yardımlar edilib, əməkdaşlarımızın iştirakı ilə Şamaxı şəhərinə gəzinti təşkil olunub.

2021-ci ildə də öz ənənəsinə sadiq qalan qrumun Həmkarlar Təşkilatı YAŞAT Fonduna ianə edib, İnstitutun qadın əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram hədiyyələri ilə sevindirib, eləcə də ikisi II Qarabağ müharibəsi iştirakçısı olan 5 əməkdaşa sanatoriya, 1 əməkdaşa isə istirahət göndərişləri verib və 27 sentyabr Anım Günü münasibəti ilə müharibə iştirakçılarına maddi yardımlar edib.

Çıxışının sonunda il ərzində 30-dan çox aztəminatlı İnstitut əməkdaşına müxtəlif yardımların edildiyini diqqətə çatdıran Ə.Mikayılova Dekabrın 27-də əməkdaşlar üçün Yeni il şənliyinin də təşkil olunacağını bildirib.

Tədbirin sonunda Yeni il münasibəti ilə İnstitutun aztəminatlı 75 əməkdaşına Həmkarlar Təşkilatı tərəfindən ərzaq yardımı – bayram bağlamaları təqdim edilib.