Xəbərlər
29.12.2021 - 14:14
ELM TARİXİ İNSTİTUTU 31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİ İLƏ ƏMƏKDAŞLARINI TƏLTİF EDİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib.

Tədbir ETİ Həmkarlar Komitəsinin sədri Aynur Nəzərova, komitə üzvləri – Aynurə Kərimova, Röya Mirzəbəyova, Solmaz Namazovanın xüsusi təşəbbüsü ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan ETİ-nin direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli qeyd edib ki, 2021-ci ildə İnstitutun əməkdaşları Pandemiya dövrünün çətinliklərinə baxmayaraq səmərəli elmi fəaliyyət göstərmiş, elmi müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparmış və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirmişlər. Bildirilib ki, cari ildə İnstitutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülmüş, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.

M.Seyidbəyli çıxışının sonunda həm uğurlu hesabat ili, həm də həmrəylik günü münasibəti ilə İnstitut əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar diləyib.

Sonra Aynur Nəzərova çıxış edərək, elmi nailiyyətlərlə zəngin olan ilin yekunlarına görə həmkarlarını təbrik edib, rəhbərlik etdiyi Həmkarlar Komitəsinin təşkil etdiyi bayram sovqatlarını İnstitut əməkdaşlarına təqdim edib.

Sonda İnstitut əməkdaşları səmərəli elmi fəaliyyətə və yüksək göstəricilərə görə fəxri fərmanlarla təltif olunub.