Xəbərlər
19.01.2022 - 11:06
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI DENDROLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun baş  direktoru, Tofiq Məmmədov  açaraq bildirdi ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının böyük faciələrindən biridir. 20 Yanvar hadisəsi xalqımızın qan yaddaşıdır.

O, 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva qanlı Yanvar həqiqətlərindən bəhs etdi. O bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və qüdrətli dövlət qura bilmək və yaşatmaq potensialını və haqqını ortaya qoydu.  Zeyvəliyeva 20 Yanvar hadisəsinin Azərbaycan xalqının təfəkkürünü dəyişdiyini söyləyib və vurğulayıb ki, bu dəyişikliyə səbəb olan şəxslərdən biri ümummilli lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev hadisədən bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək İmperiyanın siyasətini pisləyib və 20 Yanvar hadisəsini qətliam adlandırıb.

Qeyd edib ki, ümumxalq hüzn günü kimi elan olunan 20 Yanvar hadisəsi həm də ümumxalq qürur günüdür, bu gün Azərbaycan xalqının tarixində şərəfli bir səhifə olaraq qalacaq.