Xəbərlər
19.01.2022 - 14:23
QANLI YANVARDAN ZƏFƏRƏ APARAN YOL!

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı qırğınlar törətdiyi haqda danışdı və  vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilməsini vurğuladı.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dos. İradə Mirzəzadənin dəvəti ilə  şair, publisist, dramaturq, nasir, ssenarist, rejissor, Azərbaycan Respublikasının əmakdar incəsənət xadimi, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, 2020–ci il dekabrın 10-da Bakıda keçirilmiş Qələbə Paradının ssenari müəllifi və aparıcısı ABDULLA QURBANİ iştirak edirdi.

Daha sonra polkovnik Abdulla Qurbani bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Tədbiri bağlayan İnstitutun baş direktoru, prof. Misir Mərdanov qeyd etdi ki, “Şəhid qanı müqəddəsdir”. Ona ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Sonda bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi. Allah şəhidlərimizə rəhmət eləsin!