Xəbərlər
20.01.2022 - 13:00
RSXM-DƏ 20 YANVAR FACİƏSİNİN QURBANLARI YAD EDİLİB

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 1990 - cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərin və müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. F3
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, hər bir xalqın tarixində elə günlər var ki, onlar heç vaxt unudulmamalıdır. “1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar da məhz belə tarixlərdəndir. Həmin günlərdə sovet qoşunları tərəfindən Bakıda mülki əhaliyə qarşı insanlığa sığmayan qırğınlar törədildi. O məsum insanlar arasında körpə uşaq və yaşlı insanlar da var idi. Təbii ki, bu cür qırğınlar törətməklə keçmiş Sovet İttifaqının rəhbərliyi xalqın iradəsini sındırmaq, gözünü qorxutmaq istəyirdi. Amma bizim xalqımız mübariz xalqdır. Mübarizəsini sona qədər apararaq, öz müstəqilliyini əldə etdi və bu gün Azərbaycan nəinki müstəqil dövlətdir, həm də öz tarixinə Zəfər qələbəsini yazmış, işğal altında olan torpaqlarını azad etmiş güclü ölkədir. Azərbaycan regionun istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan lider ölkəsidir. Təbii ki, bütün bunlar da Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan müdrik siyasətin, qətiyyətli iradənin və xalqımızın birliyinin sayəsində mümkün olub.” Baş direktor onu da bildirib ki, bu gün Azərbaycan xalqı öz şəhidlərini qürur və ehtiramla anır.
RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə öz çıxışında müasir Azərbaycan tarixində 1990-cı il 20 Yanvar faciəsinin yeri haqqında danışıb. “Tarix boyu bizim xalqımız dəfələrlə istilalara, qırğınlara məruz qalıb. 1990-cı ildə Bakıda törədilən qırğınlar ötən əsrin 1905-ci il, 1918-ci il, 1920-ci illərdə xalqımıza qarşı törədilən qırğınların davamı idi. 1990-cı il 20 Yanvar faciəsini törətməklə keçmiş sovet imperiyasının rəhbərliyi hesab edirdi ki, 70 ildən bəri öz istilasında saxladığı xalqın mübarizə əzmini sındıra biləcək. Əksinə, Azərbaycan da daxil olmaqla, öz istilasında saxladığı xalqlara qarşı bu cür qırğınların törədilməsi keçmiş sovet imperiyasının özünün sonunu gətirdi. 1991-ci ildə Sovet imperiyası dağıldı. Bu gün biz 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirik. Çünki bu tarix bizim şərəf tariximizdir və hər zaman qan yaddaşımızda qalacaq”- deyən şöbə müdiri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərləri tərəfindən həm düşmənin 30 illik işğalına son qoyulduğunu, həm də şəhidlərimizin qisasının alındığını bildirib.
Daha sonra İnformasiya şöbəsi tərəfindən hazırlanmış 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.