Xəbərlər
18.03.2022 - 14:21
RSXM-DƏ NOVRUZ BAYRAMI MÜNASIBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Martın 18-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Novruz bayramı münasibəti ilə tədbir keçirilib. RSXM-nin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edərək, əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.

 Novruz bayramının xalqımızın ən gözəl bayramlarından olduğunu qeyd edən baş direktor keçmiş sovetlər dönəmində Novruz bayramının keçirilməsinə qadağaların olmasına baxmayaraq, bu bayramın xalqımız tərəfindən hər zaman qeyd olunduğunu deyib. Onun sözlərinə görə, Novruz bayramının milli bayram kimi ölkəmizdə ən yüksək səviyyədə qeyd olunması Ulu Öndərimizin adı ilə bağlıdır. Hər il Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu bildirən baş direktor artıq bayram tonqallarının işğaldan azad olunmuş torpaqlarımızda da yandırıldığını deyib.

“Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Qarabağımız öz azadlığına qovuşdu. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Möhtərəm Prezidentimizin rəhbərliyi altında sürətli quruculuq işləri aparılır. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur. İnsanlarımız öz yurd-yuvalarına qayıdandan sonra Qarabağımızda yenə həyat qaynayacaq. Bu bayram günündə torpaqlarımızın azadlığı uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayırıq. Biz bir xalq olaraq iki ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarını yandırırıq. Bu böyük xoşbəxtlikdir. Çünki biz torpaqlarımızı azad edərək, həm dünyada bir xalq kimi nəyə qadir olduğumuzu göstərdik, həm də 30 ildir ki, öz yurd-yuvasından köçkün düşmüş insanlarımızın torpaq nisgilinə son qoyuldu”.

Baş direktor sonda bir daha mərkəz əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.