Xəbərlər
28.03.2022 - 13:58
AMEA-NIN GƏNCƏ BÖLMƏSİNDƏ ELM GÜNÜ QEYD OLUNUB

AMEA-nın Gəncə Bölməsində Elm günü münasibətilə elmi-praktik konfrans keçirilib.

   Konfransda son illərdə Qərb bölgəsində əldə edilmiş  elmi nəticələrin hesabatı dinlənilib, elmi nailiyyətlərin sərgisi açılıb.

   Konfrans öz  işinə Gəncə Bölməsində təşkil olunmuş  “27 mart – Elm günü” sərgisinə baxış və “Gəncəli akademiklər”in portret-qalereyasının açılışı ilə başlayıb. Sərgidə son illərdə şəhərdə əldə olunan elmi nailiyyətlər, nəşr olunan kitab və monoqrafiyalar, müxtəlif jurnallarda dərc edilən məqalələr öz əksini tapır.

   Tədbiri giriş sözü ilə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq ölkə başçısı tərəfindən Elm gününün təsis edilməsinin əhəmiyyəti, şəhərin bugünkü elmi potensialı və cənab Prezidentin elmə, təhsilə diqqət və qayğısına cavab olaraq qarşıda duran vəzifələr barədə danışıb,  Gəncə elminin inkişaf tarixi haqqında məlumat verib.

   Konfransda Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqovun “Şərqin ən qədim elm mərkəzlərindən biri – Gəncə”, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil  Yusiflinin “İki Qivami: Qivami Mütərrizi Gəncəvi və Qivami Razi Xəbbas”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Təhminə Bədəlovanın “Nizami Gəncəvi ədəbi irsinin tədqiqi və təbliğinə gəncəli alimlərin töhfələri”, Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənovun “Gəncədə elm və təhsilin inteqrasiyasında gənc alimlərin fəaliyyəti”, elmi katib Mətanət Əliyevanın “Görkəmli elm adamlarının adlarının əbədiləşdirilməsi”, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Qədim Gəncənin klassikləri” və laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktori İmran Qasımovun “Gəncədə fəaliyyət göstərən universitetlər və elmi-tədqiqat institutları”  adlı məruzələri dinlənilib.

   Məruzələrdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə “Gəncə Elm Mərkəzi” kimi fəaliyyətə başlayan və ötən 40 ildən artıq bir müddətdə elmin inkişafına sanballı töhfələr verən AMEA-nın Gəncə Bölməsi Qərb regionunda elmin koordinasiyasının təşkilinə, elmi kadrların hazırlanmasına, bölgənin iqtisadi inkişafına cavab verən texnologiyaların istehsalata tətbiq edilməsinə və regionun zəngin milli-mənəvi dəyərlərinin, tarixi irsinin və görkəmli  mütəfəkkirlərin, klassiklərin həyat və yaradıcılığının öyrənilməsinə sanballı töhfələr verib. Bildirilib ki, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində bu gün AMEA-nın Gəncə Bölməsi, üç universitet, dörd elmi-tədqiqat institutu fəaliyyət göstərir. Burada 1 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 50-dən artıq elmlər doktoru, 560-dan çox fəlsəfə doktoru çalışır.             

   Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev isə çıxışında Elm günü münasibətilə iştiraklçıları təbrik etdib, elmi-tədqiqat və elmi-təşkilati işlərdə əldə olunmuş uğurları qeyd edərək gəncəli alimlərin şəhərin elmi, sosial-iqtisadi və sosial-mədəni həyatında fəal iştiraklarını xüsusi vurğulayıb.

   Tədbirdə “İlin ən yaxşı qadın alimi” və İlin ən yaxşı gənc tədqiqatçısı” müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar təqdim edilib.

   Sonda konfrans iştirakçıları adından AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimova müraciət qəbul olunub.