Xəbərlər
15.04.2022 - 14:06
ƏDƏBİYYAT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞUŞAYA SƏFƏR EDİBLƏR

Hər bir Azərbaycan vətəndaşının, o cümlədən ədəbiyyatşünasların otuz il arzusunda olduğu Şuşanı gedib görmək istəyini nəzərə alaraq, Ədəbiyyat İnstitutu müəssisənin Həmkarlar Təşkilatının dəstəyi ilə mədəniyyət paytaxtına səfər təşkil edib.

Şuşa ziyarəti dövlətimizin Şuşaya vətəndaş səfərləri çərçivəsində yaratdığı imkanlardan faydalanmaqla həyata keçirilib. Səfər çərçivəsində institut əməkdaşları proqram üzrə Xurşidbanu Natəvanın evi və bulağı, Şuşa qalası, mərkəzi meydandakı Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Bülbülün ev muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şairimiz Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd olunması haqqında 14 mart 2022-ci il tarixində Sərəncam imzalayıb.

Ölkə başçısının Sərəncamına uyğun olaraq, səfər çərçivəsində Şuşanın mərkəzində yerləşən Xurşidbanu Natəvanın heykəli önündə görkəmli şairə həsr olunmuş “Xan qızı Xurşidbanu Natəvan” adlı elmi sessiya da keçirilib.

Sessiyada institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Natəvan irsinin tədqiqatçısı, professor İslam Qəribli, filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Hicran çıxış edərək Şuşa ziyarəti və Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında danışıblar.

Şuşa səfəri Ədəbiyyat İnstitutunun əməkdaşlarında zəngin təəssürat yaradıb. Bu təəssüratların gələcək elmi tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.