Xəbərlər
18.05.2022 - 16:00
AKADEMİYANIN GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİNİN VII İNSTİTUTLARARASI FUTBOL ÇEMPİONATINA YEKUN VURULUB

Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının bağlanış mərasimi olub.

AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları qızıl medallar uğrunda mübarizə aparıblar və nəticədə İqtisadiyyat İnstitutunun əməkdaşları VII institutlararası futbol çempionatının qalibi olub.

İnformasiya Texnologiyaları İnstitutu 3-cü, Geologiya və Geofizika İnstitutunun futbol komandası isə 4-cü yerin sahibi olub.

Daha sonra mükafatlandırma mərasimi baş tutub. Çempionatın bağlanış mərasimində AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

Mərasimdə akademiklər Arif Həşimov, İsa Həbibbəyli, professorlar Habil Qurbanov və Nazim İmanov gənc alim və mütəxəssislər arasında keçirilən ənənəvi futbol çempionatının əhəmiyyətinə toxunub, yer tutan komandaları təbrik edərək onlara mükafatlarını təqdim ediblər.