Xəbərlər
25.02.2016 - 13:25
AMEA Azad Həmkarlar İttifaqının geniş tərkibli iclasında Xocalı soyqırımı qurbanları yad edildi.

2016 – cı il fevral ayının 24 – ü AMEA Fizika İnstitutunun akt zalında AMEA Azad Həmkarlar İttifaqının geniş tərkibli iclası keçirildi. Tədbirdə Xocalı soyqırmının  24 illiyi yad edildi. İclasda Azad Həmkarlar İttifaqının rəhbərliyi və ilk təşkilatların sədrləri, aktiv nümayəndələri iştirak edirdilər.

İclası giriş sözü ilə açan Azad Həmkarlar İttifaqının sədri prof. İsa Alıyev bildirdi ki, 1992 – ci il fevral ayının 26 – sı Xocalı şəhərində Azərbaycan xalqına qarşı erməni qəsbkarları tərəfindən misli görünməmiş soyqırım həyata keçirilib. Əslində bu soyqırım ermənilərin azərbaycanlılara qarşı uzun onillər apardıqları işğalçılıq və etnik təmizləmə  siyasətinin tərkib hissəsi idi. Bir gecənin içində Xocalı şəhəri yerlə yeksan oldu, yüzlərlə dinc sakin şəhid edildi, minlərlə insan əsir götürüldü. O qanlı gecədən 24 il ötməsinə baxmayaraq,   xalqımızın qəhrəman oğlu Çingiz Mustafayevin lentə aldığı video görüntülərə ürək ağrısı ilə baxmamaq mümkün deyil. Tam əminliklə deyə bilərik ki,  Azərbaycanın o dönəmdəki  siyasi  rəhbərliyi Xocalı şəhərini, onun dinc sakinlərini taleyin və erməni faşistlərinin ümidinə buraxmışdı. O zaman bütün qüvvələri cəm edib xocalıları  xilas etmək mümkün idi. Lakin bunun üçün lazımı addımlar atılmadı. Xalqımız bu qanlı qətliyamı heç zaman unutmayacaq, qan yaddaşından silməyəcəkdir. İnanırıq ki, vaxt gələcək Xocalı soyqırımının təşkilatçıları olan ermənilər tarix qarşısında layiqli cavablarını alacaqlar.

Daha sonra tədbir  iştirakçıları  Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşdülər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, t.f.d Abuzər Ələkbərov  bildirdi ki, bu soyqırım yalnız Xocalı sakinlərinə qarşı deyil, hər bir azərbaycanlıya qarşı, ümumən insanlığa qarşı yönəldilmiş bir qətliam idi. Bu soyqırımın digər adı isə “erməni vəhşiliyi”dir. Xalqımızın bir daha belə bir tarıxı faciə ilə sınağa çəkilməməsi üçün, bu qan yaddaşımız hər zaman xatırlanmalı, qətiyyən unudulmamalıdır.

Sonda Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.