Xəbərlər
25.02.2016 - 13:44
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci il üzrə hesabatı.

Hazırda, dövlətin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycanın elmi gəncliyi də elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək: elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində, elmi gəncliyimiz cəmiyyətin avanqard qüvvəsinə çevrilə bilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icra müddəti ötən il başa çatan kimi, dövlət başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə növbəti “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunmuşdur. Strategiyanın məqsəd və vəzifələrinə uyğun olaraq, təmsil etdiyimiz elmi gənclik də Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan dövlətin mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq istiqamətində öz fəaliyyətini qurmuşdur.

Dövlət başçısı, cənab İlham Əliyevin Azərbaycan Gənclər Formunun 20 illiyi ilə əlaqədar mənimdə iştirak etdiyim gənclərin bir qrupu ilə keçirdiyi görüşdə, gənclərimizin fəaliyyətindən məmnun qalması və Azərbaycan gəncliyinə dövlət qayğısının bundan sonra da uğurla davam etdiriləcəyini bəyan etməsi Akademiya gənclərində də əlavə stimul yaratdı.

Akademiyanın rəhbəri olaraq, hesabat ilində yaradıcı gənclərlə keçirdiyiniz mütəmadi görüşlər, elmlə məşğul olan gənclərimizin stimullaşdırılması və  məhsuldar fəaliyyət göstərmələri baxımından yeni perspektivlər yaratmışdır. Elə bu yaxınlarda, istedadlı gənc alimlərin bir qrupu ilə səmimi atmosferdə keçən  görüşünüzdə, gənclərimizin öz fikirlərini sərbəst ifadə etməsi üçün yaratdığınız platforma, səbrlə onları narahat edən məslələri bir-bir dinləməyiniz və sonda demək olar ki, bütün təkliflərin elə yerindəcə öz həllini tapması buna əyani misaldır.

Azərbaycan elmi gəncliyinin böyük bir qüvvəsini özündə birləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurası, ölkədə gənclərin elmi fəaliyyəti ilə və həmçinin dövlətlə bağlı fundamental və müsair tendensiyalı gənclər siyasətinin yerinə yetirilməsindən irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər həyata keçirir. Bu tədbirlərin nəticəsi olaraq, Şura ötən il ilk hesabatını geniş ictimayyətə təqdim edib.

11 mart 2015-ci il tarixində isə AMEA Rəyasət Heyəti tərəfindən "AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2015-ci il üzrə Fəaliyyət Planı" təsdiq edilmiş, Şura hesabat dövründə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində fəaliyyət göstərmişdir.

Gənc Alim və Mütəxəssislər Şurası Akademiyanın elmlə təhsilin birgə vəhdətinin yaradılması siyasətinə töhvə vermək və ən əsası, elmi təşkilat və müəsissələrində aparılan tədqiqatların geniş ictimailəşdirilməsi məqsədilə, ilk dəfə olaraq Akademiyanın müvafiq İnstitutlarında magistratura pilləsi üzrə qəbul üçün elan olunmuş müsabiqəyə hazırlıqlı gənclərin cəlb olunmasını təmin etmək üçün ali təhsil ocaqlarında elmi seminarlar təşkil etmişdir.   

Belə seminarlardan biri, aprel ayında Gənc Alim və Mütəxəssislər Şurası və  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Universitetin “Geologiya fakültəsi”nin tələbələri üçün təşkil olunub.

Seminarda, Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, elm üzrə Prezident mükafatçısı, Yer Elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov “Azərbaycan ərazisində müasir geodinamik şəraitin və zəlzələ təhlükəsinin GPS məlumatları əsasında tədqiqi” mövzusunda təqdimatla çıxış edib.

Analoji seminar, Bakı Dövlət Unversitetinin “Kimya” fakültəsinin tələbələri üçün də təşkil edilib. Seminarda, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqov “Ağilli - smart və ya intelligent polimerlər” mövzusu ilə bağlı təqdimat edib.

Məhz bu seminarların məntiqi nəticəsi idi ki, bu qəbul ilində Akademiyanın elan etdiyi müvafiq maqistratura ixtisasları üzrə keçirilən müasabiqədə böyük rəqabət yarandı və ən yüksək nəticə göstərən məzunlar Akademiyanın ilk magistr adlarını qazandılar.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və elektronika sahəsində dünyanın aparıcı şirkətlərindən olan “OPTEK”lə birgə "Kütlə spektroskopiyası" adlı ümumrespublika seminarını keçirmişdir. Seminarın keçirliməsində məqsəd – bu sahədə müvafiq avadanlıqlarla işləmək bacarığı üzrə istifadəçilərdə vərdişlər yaratmaq və onları təkmilləşdirmək, həmçinin bu istiqamətdə mövcud son nailiyyətləri seminar iştirakçıları ilə bölüşməkdən ibarət olmuşdur. Seminarda, Kimya Elmləri Bölməsinə daxil olan institutların, o cümlədən Geologiya və Geofizika, Fizika, Radiasiya Problemləri İnstitutlarının, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Neft və Sənaye Universitetinin spektroskopiya sahəsində çalışan çənc mütəxəssislərinin iştirakı təmin edilmişdir.

Magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcə də şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi fəaliyyətinin qiymətləndirilməsi və məruzələrinin dinlənilməsi məqsədilə Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası, İnstitut rəhbərliyi tərəfindən təsdiqlənən iş planı üzrə gənc alim və mütəxəssislərin elmi seminarlarını təşkil etmiş və hesabat dövründə məruzələr dinlənilmişdir. 

Analoji olaraq, belə seminarlar: Aşqarlar Kimyası, Radiyasiya Problemləri, Polimer Materialları, Kataliz Qeyri-üzvi Kimya, Şəki Regional Elm Mərkəzi, Neft-kimya Prosesləri, Botanika, Fiziologiya, Zoologiya, və Fizika İnstitutlarında da  keçirilmişdir.

Hesabat ilində Gənc Alim və Mütəxəssislər Şurasının elmin təbliği istiqamətində imza atdığı ən uğurlu layihələrdən biri Akademiyanın "Elm guşə"lərinin yaradılması ilə bağlı olub. AMEA-nın 70 illiyinə həsr olunan ilk guşənin açılışı, dekabrın 29-da AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Yer Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına liseydə baş tutdu. Guşənin açılış mərasimində Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, eləcə də Geologiya və Geofizika, Coğrafiya İnstitutlarının və Respublika Seymologiya Mərkəzinin rəhbərləri tərəfindən tanıtım təqdimatları olmuşdur.

Akademiya elminin tanıtımında tamamilə fərqli və yeni yanaşma kimi qiymətləndirilən belə təbliğat mexanizmi elm və təhsil təşkilatrları tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı üçün bu təşəbbüsün davamlılığı və Akademiyanın bütün elm bölmələrini əhatə etməsi məqsədəmüvafiq sayılmışdır. Bununla əlaqədar, artıq Kimya Elmləri Bölməsinin guşəsi hazırlanıb. Bu yaxınlarda həmin guşənin rəsmi açılışı reallaşacaqdır.

Hazırlanmış belə guşələrdə AMEA-nın müvafiq bölmələrinə daxil olan təşkilatların alimləri tərəfindən elmi-populyar dildə yazılmış kitab, monoqrafiya və s. sanballı əsərlər gələcəyin alimlərinin istifadəsinə verilməsi və həmin əyani vəsaitlərin mütəmadi olaraq yenilənməsi də nəzərdə tutulur. Belə elm guşələrinin hazırlanması, təkcə paytaxtda deyil, eyni zamanda respublikanın digər regionlarinin ümumtəhsil müəssisələrində yerləşdirilməsi Akademiya elminin təbliğinə xidmət etmək mahiyyətini daşıyır. Ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən, təşəbbüskarlığını stimullaşdıran bu layihə, bilavasitə Sizin tövsiyənizlə ərsəyə gəlmişdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlaham Əliyev tərəfindən 26 yanvar 2015-ci ildə təsdiqlənən “2015-2025 Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın 5.2.17. bəndində də “Yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması üçün orta məktəblərdə “Elm” guşələrinin yaradılması nəzərdə tutulub. Çox sevindirici haldır ki, artıq Şuramız tərəfindən bu prosesə start verilib.

Gənc Alim və Mütəxəssislər Şurasının ilk fəaliyyət dövrlərindən start verdiyi qeyri-ənənəvi layihələrindən olan “Bu günün şagirdi, sabahın alimi” layihəsi də hesabat ilində davam etdirilmişdir. Tədbirin məqsədi - Akademiyanın əsas prioritetinə çevrilmiş elm və təhsilin vəhdətinə nail olmaq mahiyyətini daşıyır. Bununla bağlı, bu dəfəki tədbirimiz Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 270 saylı tam orta məktəbdə baş tutmuşdur. Layihə çərçivəsində, Neft-kimya Prosesləri və Fizika İnstitutlarının gənc alim və mütəxəssislərinin təqdimatında şagirdlərə bir neçə nömrədən ibarət maraqlı elmi-əyləndirici təcrübələr nümayiş olunub.

Şura, növbəti belə təqdimatını Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Əliheydər Kazımov adına tam orta məktəbdə keçirdib. Orta məktəbin çoxsaylı şagirdlərinin iştirak etdiyi tədbirdə, Kataliz və Qeyri-üzvi Kimya və Fizika İnstitutlarının gəncləri tərəfindən məktəblilərə müxtəlif təqdimatlardan ibarət elmi-eksperimental şoular təqdim olunub.

May ayında, Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey kompleksində də analoji təqdimat keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası isə Bakı şəhəri 16 nömrəli texniki-humanitar litseyində “Arxeologiya – maddi və mənəvi irsimiz” adlı layihəsini reallaşdırıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası hesabat ilində “Elmin populyarlaşdırılması və təbliği” layihəsi çərçivəsində Naftalan şəhərində tədbir keçirib. Tədbirdə, İnstitutun GAMŞ-nın üzvü “Azərbaycanın mədəni irsini öyrənək” adlı məruzə ilə şəhər məktəblərinin şagirdləri üçün çıxış edib. Həmçinin İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası, hesabat ilində eyniadlı layihə çərçivəsində Nərimanov rayonu ərazisində yerləşən S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında da analoji tədbiri keçirmişdir. Tədbirdə, İnstitutun GAMŞ-nın sədri, dosent B.Cəlilov “Azərbaycanın qədim mədəni irsi” adlı məruzə ilə gimnaziya şagirdləri qarşısında çıxış etmişdir.

12 aprel tarixində Elmin İnkişafı Fondu, Bakı Şəhər Təhsil İdarəsi, Tusi-Bohm planetarium, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, və “Azərkosmos” birgə təşkilatçılığı ilə məktəblilər arasında Kosmonavtika gününə həsr olunan müsabiqə keçirilib.

Həmçinin, 4-10 oktyabr 2015-ci il tarixində  Tusi-Bohm planetarium , Elmin İnkişafı Fondu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müştərək tədbiri olan “Kosmos həftəsi” təşkil olunub.

Təsis olunduğu gündən bəri,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Bilik günü” ilə əlaqədar olaraq, respublikanın müxtəlif rayonlarında yerləşən ümümtəhsil orta məktəblərin şagirdləri üçün vətənpərvərlik mövzusunda mühazirələr təşkil edir. Ənənəvi layihə çərçivəsində, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri tərəfindən  Lerik rayonunun üç məktəbinin yuxarı sinif şagird və müəllim heyəti üçün “Heydər Əliyev Azərbaycanda multikulturalizm siyasətinin banisidir” mövzusunda təqdimatlar olunub. Belə ki, AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Orxan Abbasov şəhərin 1 saylı Texniki fənlər təmayül liseyində, AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Əfsun Sucayev isə Malik Baxışov adına 3 saylı tam orta məktəbdə məruzələrlə çıxış etmişlər. Bundan əlavə, gənc alimlər rayonun Günəşli kənd orta məktəbində də mövzu ilə bağlı geniş təqdimat keçiriblər.

Məktəb kollektivi ilə görüşdə, gənc elm adamları, həm də Akademiyanın gənclər siyasəti, regionlarda elmin təbliği və orta məktəblərdə istedadlı gələcək alimlərin aşkara çıxarılması məqsədlərini özündə ehtiva edən təşviqat xarakterli təqdimatları gələcəyin alimlərinin diqqətinə çatdırıblar.

Belə analoji təqdimat AMEA Fəlsəfə və Hüquq İnstitutunun GAMŞ sədri, dosent Roida Rzayeva tərəfindən də AR Prezidenti yanında İdarəçilik Akademiyasında keçirilib.

Akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyətlərin geniş ictimayyətə çatdırılmasında, eyni zamanda, istedadlı şagirdlərdə elmə marağın formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA institut və təşkilatlarında “Açıq qapı” günlərinin təşkil edilməsi hesab olunur. Bu nöqteyi-nəzərdən, Şura bir sıra institutlarda bu tədbirlərin keçirilməsinə hesabat ilində də start vermişdir. Belə ki, Aşqarlar Kimyası İnstitutunda Kaspi Təhsil Mərkəzinin məktəbliləri üçün “Açıq qapı” günü təşkil olunub. Bu layihənin məqsədi - məktəbliləri təşkilatda yerinə-yetirilən elmi-ekperimantal təqdiqatllarla əyani tanış etmək, təqdimatları məktəblilərin qavradığı daha asan dildə izah etməklə, onları məlumatlandırmaq və eləcədə bu yolla gələcəyin alimlərinin elmə təşviq olunmasını təmin etməkdir.

Həmçinin, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda da Avropa liseyinin şagirdləri üçün “Açıq qapı” günü təşkil olunub. Tədbir çərçivəsində, eləcə də şagirdlər üçün viktorina keçirilib. Bundan başqa, tədbirdə məktəblilər üçün əyləncəli elmi şoular da nümayiş etdirilib. Sonda, viktorinada qalib olan gələcəyin alimlərinə tərifnamə və mükafatlar təqdim olunub.

Belə tədbirlər Radiyasiya Problemləri, Botanika, Dendrologiya, Mikrobiologiya instututlarında, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat və Milli Azərbaycan Tarixi muzeylərində, Şəki Regional və Respublika Seymoloji Xidmət mərkəzlərində də təşkil olunub.

Hesabat  ilində, GAMŞ müxtəlif yaş qruplarını əhatə edən ümumtəhsil orta, ali məktəblərdə, həmçinin elmi tədqiqat istitutlarında müxtəlif bilik müsabiqələri təşkil etmiş və qaliblər müvafiq sertifikat, diplom və hədiyyələrlə təltif etmişdir.  

İlk olaraq, belə bir olimpiada Qaradağ rayonunun məktəbləri arasında “Nə, harada, nə zaman?” adı altında keçirmişdir.

Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ərsəyə gələn, İsmayıllı rayonu üzrə məktəblilər arasında keçirilən “Riyazi məntiq” adlı olimpiada da şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Şəhərin 5 saylı orta məktəbində baş tutan olimpiadada şəhərdə yerləşən çoxsaylı orta məktəblərlə yanaşı, rayonun Təzəkənd, Cülyan və s. kimi ucqar kənd ümumtəhsil müəssisələrinin məktəbliləri də iştirak etmişdir.

Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey kompleksində X siniflər arasında fizika fənnindən olimpiada təşkil edilmişdir.

Eyni zamanda,  Fizika, Radiasiya Problemləri, Nizami adına Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya, Riyaziyyat və Mexanika İnstitutlarnın Gənc Alim və Mütəxəssislər Şuralarının birgə təşkilatçılığı ilə Nərimanov rayonu Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri arasında AMEA-nın 70 illik yubileyinə həsr olunmuş «Gələcəyin tədqiqatçıları» müsabiqəsi məktəblilərin böyük marağına səbəb olub. Müsabiqə çərçivəsində, seçilmiş 14 istedadlı şagird ədəbiyyat, fizika, radiasiya təhlükəsizliyi və ekologiya, tarix-etnoqrafiya və riyaziyyat fənnlərinə aid maraqlı mövzularda hazırladıqları təqdimatları nümayiş etdirib və hər nominasiya üzrə qaliblərə müvafiq institutların sertifikatları və hədiyyələri təqdim olunub.

İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutlarının Gənc Alim və Mütəxəssislər Şurası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Qafqaz Universitetində “8-ci İnformatika Layihə Olimpiadası” keçirib.

Neft-Kimya Prosesləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurası Goranboy rayonu ərazisində məskunlaşmış Xocalı rayonu məcburi köçkünlərinin məktəbliləri arasında kimya üzrə olimpiada keçirib. 1 saylı orta məktəbdə baş tutan bilik yarımasının qalibləri təltif olunub. Bundan başqa, təşkilatçılar orta məktəbə kimyəvi avadanlıq, reaktiv və dərsliklər hədiyyə etmişlər.

Şəki Regonal Elmi Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurası, "Kreativ Düşüncə" Gənclərin İnkişafına Dəstək İctimai Birliyi, Şəki Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki məktəbliləri arasında baş tutan “Zəka savaşı" adlı bilik yarışı da bu qəbildən olmuşdur.

Gənclərin fəaliyyətinin stimullaşdırılmasının həlledici vasitəsi olan müsabiqələr artıq ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirməkdədir. Məsələn, Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə institutda çalışan gənc alim, doktorant, disertant və magistrlər arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsini artıq 3-cü dəfədir keçirir. Gənc tədqiqatçıların elmi işlərinin ekspetizasının nəticələrinə müvafiq olaraq, ənənəvi müsabiqədə fərqlənən fəal gənclər 1-3-cü dərəcəli diplom və mükafatlara layiq görülüblər.

Ötən ilin sentyabr ayında isə Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası təşkilatçılığı və Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə AMEA-nın 70 illiyinə həsr olunan İnstitutun doktorantları arasında “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsi keçrilib, qaliblər mükafatlandırılıb.

Ənənəvi müsabiqələr: Fizika, Nizami adına Ədəbiyyat, Eroziya, Suvarma İnstitutlarında “İlin gənc alimi”, Zoologiya və Mikrobiologiya İnstitutlarında “İlin ən fəal gənc alimi”, Memarlıq və İncəsənət İnstitutunda "İlin gənci" nominasiyaları üzrə uğurla həyata keçirilmiş və qaliblərin mükafatlandırılması ilə nəticələnmişdir.

AMEA Gənc Alim və Mütəxəssislər Şurası gənc alim və mütəxəssislərin dünya elminə çıxışlarını təmin etmək, mütərəqqi elmi metod və baxışların gənclərimiz tərəfindən mənimsənilməsinə nail olmaq məqsədilə beynəlxalq səviyyəli elmi tədbirlərin keçirilməsinə də böyük önəm verir.

Oktyabr ayının 12-də AMEA Geologiya və Geofizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans  keçirilib. AMEA-nın 70 illiyinə həsr olunmuş 4 günlük tədbirə Ukrayna, İngiltərə, Polşa, Macarıstan, Serbiya, Bolqarıstan və digərləri daxil olmaqla, ümumən 18 ölkəni təmsil edən 150-dən çox alim, doktorant, magistr və tələbə qatılıb. Tədbirdə geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə maraqlı məruzə və təqdimatlar olub. Elmin İnkişaf Fondu, SOCAR-ın Elm Fondu, “bp Azərbaycan” və “Total Azərbaycan” şirkətlərinin maddi dəstəyi ilə təşkil olunan tədbir yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirilib. Belə ənənvi konfransın təşkilinə daima maddi dəstək verən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayeva təşşəkkür edirəm.

Eyni zamanda, 02-04 noyabr tarixlərində təşkil etdiyimiz “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum da AMEA-nın 70 illiyinə ən böyük töhvə kimi qiymətləndirilib. Xüsusən, Azərbaycan üçün müasir aktuallıq daşıyan interaktiv müzakirələrin aparılması məqsədilə, gənc elm adamlarının, respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələrinin, müvafiq nazirliklərin, elmin inkişafına dəstək verən fondların, sahibkarlıq və media nümayəndələrinin bir araya gətirilməsini, mövcud problemlərin birgə təhlil edilməsini və həlli yollarına nail olmasını hədəfləyən, Forum respublika miqyasında ilk təşəbbüs oldu. “Akademik startaplar: nəyi nailiyyət hesab edək?", "Elmi tədqiqatlarda müxtəlif fondların rolu" və "İnnovativ ideyalar və perspektivlər" kimi aktual mövzularda hazırlanan müzakirələrə ölkənin tanınmış elm və ictimaiyyət nümayəndələrinin ekspert qismində cəlb olunması böyük məsuliyyət və ciddiyətindən xəbər verirdi.

Forum çərçivəsində, həmçinin beynəlxalq statuslu konfrans da təşkil olunmuşdur. Elmi tədbirə, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya və Nizami adına Ədəbiyyat İnstitutlarında  "Elmi tədqiqatlarda multidissiplinar yanaşma", "Nəzəriyyədən tətbiqə", "Canlı həyat və ekoloji təhlükəsizlik" və "İnformasiya texnologiyalarının ən son nailiyyətləri" seksiyaları üzrə təşkil olunmuş müzakirələrdə Almaniya, Macarıstan, İngiltərə, Misir, Pakistan, Fillipin və s.-dən olmaqla, gənc alim və mütəxəssisin elmi məruzələri dinlənilib.

"Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forumda konfrans iştirakçılarının poster təqdimatları AMEA Geologiya və Geofizika İnstitutunda sistemli təşkil edilmiş müzakirələrdə nümayiş olunub. Konfransda ümumən 22 ölkədən 450-yə yaxın gənc alim və mütəxəssisin iştirakı təmin edilib. Tədbirin elmi məruzələri toplu halında nəşr edilmişdir.

Ənənəvi olaraq, AMEA Gənc Alim və Mütəxəssislər Şurası beynəlxalq təşkilatlarla əlaqəsini bu il də genişləndirməyə çalışmışdır.

26-28 oktyabr 2015-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən və MDB ölkələri üzrə 300-ə yaxın gənc alimin iştirak etdiyi “MDB Alimlərinin Forumu-2015”da AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri də qatılıb və həmin Forumun “MDB: əməkdaşlıq və inovasiya” panel müzakirəsində “AMEA-70: Gənclər siyasəti” mövzusunda geniş təqdimatla çıxış ediblər.

01-04 dekabr 2015-ci il tarixlərində isə Minsk şəhərində Belarus Milli Elmlər Akademiyası Gənc Alimlər Şurasının təşkilatçılığı ilə "Gənclik elmdə - 2015" adlı gənc alimlərin XII beynəlxalq konfransı keçrilib. Forum çərçivəsində Azərbaycan və Belarus Gənc Alim və Mütəxəssislər Şuraları rəhbərləri arasında görüş keçrilib və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasında Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin ofis rəhbəri, xanım Stefaniya Dufaux ilə görüş keçirilib. Məqsəd Akademiya gənclərinin beynəlxalq elmə inteqrasiyasına dəstək olmaq və onların çıxış imkanlarını artırmaq idi. Görüşdə belə bir razılığa gəlinib ki, DAAD təqaüd proqramları üzrə dəvət olunmuş ixtisaslaşmış mütəxəssislər AMEA gənc alim və mütəxəssisləri üçün əlavə seminar keçirsinlər. İlk seminarın bu ayın sonunda baş tutması tərəflər arasında razılaşdırılıb.

Hesabat dövründə bir neçə respublika əhəmiyyətli  elmi konfranslar da təşkil olunub. Belə ki, may ayında həyata keçirdiyimiz respublika əhəmiyyətli elmi tədbirlərdən biri Gənc Alim və Mütəxəssislər Şurası, Gəncə Şəhər İcra Hakimiyyəti, və YAP Gəncə Şəhər Təşkilatının birgə  təşəbbüsü ilə Gəncə şəhərində “Heydər Əliyev və çağdaş elmi gənclik” mövzusunda elmi-praktiki konfransdır. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Mövzu ilə əlaqədar dinlənilən müxtəlif məruzələrdə Azərbaycan elminin işkişafında ümummilli lider Heydər Əliyevin rolu haqqında bir çox məqamlara toxunulmuşdur. Məruzələrdə qeyd olunub ki, Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəcliyin inkişafına dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş müasir transformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir. Bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin inkişaf konsepsiyasında öz əksini tapır.

4 iyun 2015-ci il tarixində isə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Gənc Alim və Mütəxəssilər Şurasının təşəbbüsü ilə “B.Vahabzadə-90 Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda ümumrespublika konfransı keçirilib. Tədbirdə respublikanın müxtəlif elm və təhsil müəssisələrinin 200-ə yaxın gənc mütəxəssisin iştirakı təmin olunub.

İctimai tədbirlərə gəldikdə isə Geologiya və Geofizika İnstitutunda 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə İnstitut əməkdaşlarının uşaqları üçün təşkil olunan ənənəvi tədbir bu dəfə də maraqla qarşılanmışdır.  Tədbirdə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının peşəkar aktyorları iştirak etmiş, onun bəddi hissəsində incəsənət ustaları uşaqlara əyləncəli şoular göstərmiş, ikinci hissəsində isə  uşaqların yaradıcılığını əks etdirən rəsmlər və əl işləri də nümayiş etdirilmişdir. Sonda uşaqlara hədiyyələr verilmişdir.

İqtisadiyyat İnstitutunun gənc alimləri Sabunçu rayonunda yerləşən “Ümid yeri” uşaq evinə baş çəkərək, balacaları sevindirmişlər.

28 May Respublika günü münasibəti ilə Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri isə ata himayəsindən məhrum olan uşaqları sevindirmək, eyni zamanda, uşaqlarda coğrafiya elminə maraq yaratmaq, onların bu sahədəki biliklərini artırmaq məqsədilə uşaqlarla bir araya gəliblər. Tədbirdə uşaqlara bir sıra elmi və əyləncəli şoular təqdim olmuş, sonda onlara dərs vəsaiti və hədiyyələr verilmişdir.

AMEA Mərkəzi Elmi Kitabxanasında Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi növbəti praktiki konfrans 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunub. Konfrasda bu faciə ilə bağlı müxtəlif məruzələr dinlənilib və sonda 25 il bundan öncə törədilmiş qanlı hadisələrə aid videoçarx nümayiş etdirilib.

Fevralın 24-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan praktiki konfrans keçirib. Konfransda Xocalı soyqırımına qədərki hadisələrin siyasi xronikası, ona verilən hüquqi və siyasi qiymət, gənclərin bu hadisənin daha qlobal miqyasda icimailəşdirilməsinə dair müxtəlif məruzələri dinlənilib.

Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi növbəti praktiki konfrans  Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi tədbir olmuşdur. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə soyqırımla bağlı elmi müzakirələr aparılmışdır.

 

Hesabat dövründə AMEA təşkilatlarında çalışan və öz elmi tədqiqatları ilə seçilən gənclərimizin stimullaşdırılması ilə əlaqədar, onların fəaliyyəti  qiymətləndirilmişdir. Belə ki, 2015-cü il üzrə Akademiyanın bir gənci “Gənclər üçün Prezident Mükafati”na, 2 gənci Gənclər və İdman Nazirliyinin elan etdiyi “İlin gənci” mükafatına və 10-dan çox gənc AMEA Rəyasət Heyətinin və müvafiq bölmələrin fəxri fərmanlarına layiq görülmüşdür.

 Hesabat dövründə Kataliz və Qeyri-üzvi kimya İnstitutunda ənənəvi olaraq"Akademik Murtuza Nağıyev mükafatı", Aşqarlar Kimyası İnsitutunda “Gənclər üçün akademik Əli Quliyev mükafatı” ilə də bağlı müsabiqə təşkil olunmuş və qaliblər pul və diplomla təltif edilmişdir.

Gənc Alim və Mütəxəssislər Şurası yarandığı ilk gündən qarşıya qoyduğu əsas hədələrdən biri də gənc alimlərin əldə etdikləri elmi nailiyyətlərin ictimailəşməsi olmuşdur. Sınaqdan keçirilmiş təcrübələrdən də məlumdur ki, ən operativ məlumatlar portallar vasitəsi ilə mümkün olur. Bunun nəzərə alan Şura Akademiya rəhbərliyi qarşısında Şuranın rəsmi veb saytının yaradılması ilə bağlı təklifi irəli sürmüşdür. Rəhbərlik təklifi müsbət qarşılamış, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Şuranın veb saytı hazırlanmışdır. gencalimler.az domeni altında azərbaycan və ingilisdillərində fəaliyyət göstərərən sayt qısa müddət ərzində xeyli populyarlıq qazanaraq elm və təhsil sahəsi üzrə fəaliyyət göstərən saytların reytinq siyahısında ön sırada qərarlaşmışdır. Bundan başqa Şuranın sosial şəbəkədə səhifəsi və qrupu yaradılaraq, ötən müddətdə 10 minə yaxın fəal gənci öz ətrafında birləşdirib.

Diqqətinizə çatdırmaq istəyirəm ki, elm və təhsillə bağlı ən son yeniliklər, eləcə də Prezidentin müvafiq fərman və sərəncamları, müxtəlif yerli və xarici fondların elan etdiyi qrant və təqaüd proqramları müsabiqələri, konfrans, elm tədbirlərin keçirilməsi ilə bağlı elanlar həm Şuranın saytında, həm də səhifə və qrupunda operativ olaraq yerləşdirilir və elmi gəncliyi maraqlandıran suallar tərəfimizdən cavablandırılır.

Şura gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar “Gənc Tədqiqatçı”  adlı jurnalını da təsis etmiş və artıq jurnalın növbəti sayı işıq nəşrə hazırlanır.

Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı İnstitutun gənc alimlərinin elmi-tədqiqat işlərinin nəticələrinin nəşrinə həsr olunmuşdur.

Hesabat dövründə Akademiyada fəaliyyət göstərən çoxsaylı gənc dünyanın qabaqcıl ölkələrində təşkil olunmuş beynəlxalq statuslu konfrans, seminar, simpozium, forum, təlim və treyninqlərdə iştirak etmişdir. Həmin elmi tədbirlərdə məruzə etmiş gənclərin, həmçinin elmi-tədqiqat işlərinin nəticələri də nəşr olunmuşdur.

2015-cü ilin ilk yarımilində, həmçinin AMEA gənc alim və mütəxəssislərinin çox saylı kitab, monoqrafiya, məqalə və tezisləri çap olunmuşdur.

Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılğı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə “AMEA Gənc Alim və Mütəxəssislərinin 2-ci İnstitutlararası Futbol Çempionatı” hesabat ilində də təşkil olunub. Maraqla qarşılanan idman müsabiqəsini AFFA-nın peşəkar hakimləri idarə etmişdir. Gərgin idman mübarizəsi çərçivəsində keçən turnirin bürünc medallarını Geologiya və Geofizika, gümüş medallarını Riyaziyyat və Mexanika, qızıl medallarını isə Arxeologiya və Etnoqrafiya İnstitutlarının gəncləri qazanıblar. Qeyd olunan komandaların üzvlərinə müvafiq dilpom, pul mükafatı və kubok verilmişdir. Ulu Öndər Heydər Əliyevin ildönümünə həsr olunan ənənəvi çempionat bu ildə keçiriləcəkdir.

Onu da qeyd etmək istəyirəm ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası fəaliyyətə başladığı gündən bəri elmin təbliği və populyarlaşdırılması və digər istiqamətlərdə ölkənin aparıcı kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir. Keçirdiyi bütün tədbirlər, eyni zamanda ayrı-ayrı gənc tədqiqatçıların əldə etdikləri nailiyyətlər KİV-də işıqlandırılır.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.