Xəbərlər
02.06.2016 - 15:00
AMEA Mərkəzi Nəbatat Bağında İynəyarpaqlılar Bağının açılış mərasimi keçirildi.

İyunun 2-də AMEA Mərkəzi Nəbatat Bağında İynəyarpaqlılar Bağının açılış mərasimi keçirildi.

Mərasimdə AMEA Rəyasət Heyəti, o cümlədən müxtəlif yerli və beynəlxalq təşkilatlardan olan əməkdaşlar və KİV nümayəndələri iştirak edirdilər.

Sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hislərini aşılamaq, o cümlədən iynəyarpaqlılar həvəskarlarını yeni sortlarla tanış etmək idi.

Öncə tədbir iştirakçıları Nəbatat Bağını gəzərək, buradakı ekspozisiyalarla, yeni bitki növərilə tanış oldular.

Tədbiri giriş sözü ilə Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev açdı. O, qonaqları salamlayaraq onlara bağın fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Mərkəzi Nəbatat Bağı dünyanın müxtəlif ölkələrinin 130-dan artıq Nəbatat bağları ilə toxum mübadiləsi aparır. Hazırda həmin toxumların hesabına Bağın kolleksiyasına 40 növdən çox ağac, kol və çiçək bitkiləri əlavə olunmuşdur. Mərkəzi Nəbatat Bağında Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2500-ə gədər növ, forma və çeşid yerli və ekzotik ağac, kol və ot bitkilərinin, o cümlədən 125 növ nadir, nəsli kəsilməkdə olan bitkilərin kolleksiyası vardır.

V.Fərzəliyevin sözlərinə görə, bağın əməkdaşları respublikamızda bitki ehtiyatlarının xammal bazasını və yaşıllaşdırma çeşidlərini zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyi, introduksiyası, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, iqlimləşdirilməsi və məlumat bankının yaradılması sahəsində geniş elmi-tədqiqat işləri aparır.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademikƏhliman Əmiraslanov çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Nəbatat Bağında müxtəlif növ bitkilərə, güllərə, ağaclara dair ekspozisiyaların dəfələrlə nümayiş olunduğunu diqqətə çatdıran alim bugünkü ekspozisiyanın iynəyarpaqlı bitkilərə həsr olunduğunu dedi. İdeya və tərtibat baxımından olduqca yüksək səviyyədə təşkil olunmuş ekspozisiyanın Nəbatat Bağında ən maraqlı və tez-tez ziyarət olunacaq guşələrdən biri olacağına əminliyini ifadə etdi. 

O, ətraf mühitin çirklənməsi, yaşıllıqların azalması, dünyada olan ekoloji problemlərin get-getə vüsət aldığını qeyd edərək müasir dövrdə bu bağların rolunun aktuallıq təşkil etdiyini dedi. Bildirdi ki, Nəbatat Bağında prioritet elmi istiqamətlərdə araşdırmalar aparılmaqla yanaşı, həm də güclü maarifçilik ideyaları aşılanır. Belə ki, ölkəmizdə fəaliyyət göstərən orta məktəb şagirdləri, ali məktəb tələbələri mütəmadi olaraq Bağı ziyarət edərək burada görülən işlərlə tanış olurlar.  

Bağın həm də digər elmi tədqiqat institutları ilə, ali məktəblərlə geniş əlaqələrindən söz açan akademik tələbələrin bu prosesdə iştirakının mühüm faktor olduğunu qeyd etdi.  

Nəbatat Bağının daha da zənginləşdirilməsi və inkişafına ölkə rəhbərliyinin hər zaman böyük diqqət ayırdığını qeyd edərək, yaxın gələcəkdə flora və faunası saxlanılmaqla Bağın yenidən qurulacağına, daha da təkmillədiriləcəyinə inamını bildirdi. Qeyd etdi ki, bu məqsədlə dünyada mövcud olan oxşar mərkəzlərin təcrübəsi öyrənilməli və Nəbatat Bağında tətbiq edilməlidir.

Sonda Ə.Əmiraslanov tədbirin təşkilində göstərdiyi köməkliyə görə, "SHABRAN-D" MMC şirkətinin kollektivinə Akademiyanın rəhbərliyi adından təşəkkür etdi.

Mərasimdə "SHABRAN-D" MMC şirkətinin rəhbəri Şöhrət Məmmədov da çıxış etdi. O, sərgidə iştirak edən qonaqlara minnətdarlığını bildirərək, təmsil etdiyi şirkətin uzun illərdir ki, landşaft memarlığı və müasir suvarma sistemlərinin quraşdırılması ilə məşğul olduğunu diqqətə çatdırdı. Ş.Məmmədov Nəbatat Bağında təşkil olunan kompozisiyaların insanlarda təbiətə daha da sevgi oyadacağını qeyd edərək, ölkəmizdə bu sahənin dinamik inkişaf etməsində şirkət olaraq maraqlı olduqlarını nəzərə çatdırdı.

Sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev şöbənin əsas fəaliyyətinin sahibkarlıqla əlaqəli olduğunu dedi. “Əsas məqsədimiz elmin kommersiyalaşdırılmasıdır” deyə bildirən V.Babayev sahibkarların elmə marağının artırılması baxımından tədbirin mühüm əhəmiyyət daşıdığını dilə gətirdi.

Tədbirdə Botanika İnstutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə də çıxış edərək bioloji müxtəlifliyin qorunmasında botanika bağlarının rolunun çox vacib və aktual olduğunu qeyd etdi. Tədbirin 5 iyun – “Ümumdünya ətraf mühitin mühafizəsi gün”ü ərəfəsində keçirilməsinin əhəmiyyətini önə çəkdi.

Sonra tədbir AMEA Azad Həmkarlar İttifaqının “Zirvə” ansambılının konsert proqramı ilə davam etdi.