Sənan Səməndər oğlu Həsənov 02 iyul 1977-ci ildə ziyalı ailəsində anadan olub. 1994-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1994-1998-ci illərdə Lənkəran Dövlət Universitetinin “Tarix” fakültəsinin bakalavr, 2000-ci ildə isə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1999-cu ildə Bakı şəhər O.Mirzəyev adına 190 saylı orta məktəbdə müəllim kimi başlayıb və 2000-ci ilin mart ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda kiçik elmi işçi vəifəsinə qəbul edilib. 2000-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib, 2001-2002-ci illərdə yenidən Beynəlxalq Münasibətlər İnstitutunda əvvəlki vəzifəsində çalışıb.
2002-ci ildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “Politologiya” şöbəsinə elmi işçi vəzifəsinə və həmin institutun dissertanturasına qəbul edilib. 2009-cu ildən Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və Siyasi Sosiologiya” şöbəsində elmi işçi, 2014-cü ildən böyük elmi işçi, 2017-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışıb.
1999-cu ildən elmi tədqiqata başlayan Sənan Həsənov respublika və xarici ölkə mətbuatlarında Azərbaycanın xarici siyasəti, beynəlxalq münasibətləri və milli ideologiya istiqamətində 200-dək elmi və publisistik məqalələrlə çıxış edib. 2002-ci ildə “Elm” nəşriyyatında “Dövlətlərarası münasibətlərdə Xəzərin statusu məsələsi” adlı monoqrafiyası çapdan çıxıb. Bu mövzunun dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət kəsb etməsini nəzərə alaraq dissertasiya mövzusu kimi tədqiqatı davam etdirib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Sənan Həsənov ölkəmizdə və xaricdə keçirilən 100-dək elmi konfransların və mühüm tədbirlərin iştirakçısı kimi aktual milli məsələlərə həsr olunmuş məruzə və çıxışlar edib. Elmi tədqiqat sahəsinin əsas xəttini Ulu Öndər Heydər Əliyevin siyasi irsinin tədqiqi və təbliğinə həsr edən alim bu sahədə elmi məktəbin yaradılması və alimlərin fəaliyyətinin bu istiqamətdə koordinasiya edilməsinə dair səmərəli iş aparıb.
2005-ci ildə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda “Heydər Əliyev məktəbi”nin yaradılması təşəbbüsü ilə çıxış etmiş və həmin məktəbə ictimai əsaslarla məsul katib seçilmişdir. 2005-2017-ci illərdə Ulu Öndərin zəngin siyasi irsinin ölkəmizdə və xaricdə tədqiqi və təbliği sahəsində ümumrespublika və beynəlxalq konfransların keçirilməsi, o cümlədən alimlərin tədqiqatlarının bir araya gətirilməsi və koordinasiya edilməsi kimi elmi-ideoloji fəaliyyət həyata keçirmişdir. Bu fəaliyyətin tərkib hissəsi kimi “Əsrin müqaviləsi+10”, “Azərbaycan böyük inkişaf yollarında” Bakı: Min bir-mahnı-2004; “Azərbaycanda milli siyasət və strateji inkişaf XXI əsrin astanasında” Bakı-Yazıçı-2005; Ümummilli Lider Heydər Əliyev və milli dövlətçiliyimizin inkişaf məsələləri” Bakı-Elm-2006; Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş ümumrespublika elmi konfransının materialları. Bakı-Səda-2008; “Ümummilli Lider Heydər Əliyevin irsi və milli ideologiyanın formalaşması məsələləri” Bakı-Elm və Təhsil-2010; “Ulu Öndər Heydər Əliyevin irsi və politologiyanın aktual problemləri” Bakı-ADPU nəşriyyatı-2012; “Heydər Əliyev-90” Bakı-Elm və Təhsil-2013 kimi əhəmiyyətli elmi-tədqiqat əsərlərinin tərtibçisi və buraxılışa məsulu olmuşdur. 2014-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektoru və 2017-ci ildən isə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, eyni zamanda 2017-ci ildən Yeni Azərbaycan Partiyası AMEA Fəlsəfə və Sosiologiya İnstitutu təşkilatın sədri vəzifələrində çalışıb (2024-cü ilədək).
2018-ci ildə elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olub və “Milli dövlətçilik strategiyasında irs və varislik əlaqələrinin siyasi təhlili” mövzusunda siyasi elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müzakirəyə hazırdır.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülüb.
Sənan Həsənov ictimai əsaslarla bir sıra vəzifələr daşımış, Azərbaycan Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətinin İnstitut üzrə nümayəndəsi (2002-ci ildən), Azərbaycan Tarix Qurumu ictimai birliyinin üzvü (2008-ci ildən), “Renessans” elmi jurnalının redaktoru (2007-2010-cu illər), “Sosial-siyasi problemlər” elmi-kütləvi jurnalının redaksiya şurasının üzvü (2002-2009), TQDK-nın 2007-2011-ci illərdə müqavilə ilə əməkdaşı və imtahan rəhbəri kimi fəaliyyət göstərib. 2013-cü ildən AR Ədliyyə Nazirliyində qeydiyyatından keçmiş “Dövlətşünaslıq” elmi-analitik informasiya buraxılışının təsisçisidir.
Elmi-ideoloji və ictimai fəaliyyətindəki səmərəli xidmətlərinə görə AMEA rəhbərliyinin, AMEA İctimai Elmlər Bölməsinin Fəxri Fərmanı və təşəkkürnamələrinə, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Fəxri Fərman və Diplomlarına, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai birliyinin “Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə” Vətən naminə medalına layiq görülüb. Prezident, Parlament və Bələdiyyə seçkilərində, Yeni Azərbaycan Partiyanın nümayəndəsi olaraq MSK-nın müvafiq məntəqələrinin işində fəal iştirak edib.
8 kitabın elmi redaktoru, 20 kitabın rəyçisi və redaktoru, o cümlədən 2023-cü ildə Elm və Təhsil nəşriyyatında “Heydər Əliyev-İlham Əliyev: Qələbənin fəlsəfəsi və Böyük Qayıdış” kitabının (prof. İ.Məmmədzadə ilə həmmüəllif) müəllifidir. 2023-cü il çapdan çıxmış Heydər Əliyev-İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi. Bakı: Elm və təhsil, 2023 adlı kitabın müəlliflərindən biridir.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2 dissertantın, Bakı Dövlət Universitetinin 5 magistrantının elmi rəhbəridir. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edən 12 iddiaçının rəsmi opponenti, 20-dən çox dissertasiya işinin rəyçisi olub.
2024-cü ilin yanvar ayının 17-də AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilib. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.
Yeni Azərbaycan Partiyanın üzvüdür.
Ailəlidir, 3 övladı var.