Haqverdiyev Abil Tağı

Haqverdiyev Abil Tağı oğlu 1939-cu ildə Qazax rayonunda doğulmuşdur. 1967-ci ildə Bakı şəhərində Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" fakultəsini coğrafiya-biologiya ixtisası üzrə bitirmişdir. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyi üçün həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ildə “Landşaftın differensiyasında relyefin rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib elmlər namizədi elmi dərəcəsini almışdır. Uzun müddət  landşaftşünaslıq elminin inkişafı və landşaftın öyrənilməsi üzrə landşaft tədqiqatları aparmışdır. Azərbaycan ərazisində landşaftın yayılmasında, ərazi-struktur parçalanmasında, üfiqi və şaquli differensiyasında  rol oynayan yeni metodoloji, nəzəri fikirlər söyləmişdir. Bu haqda Respublika daxilində və Beynəlxalq elmi toplantılarda, konfrans və simpoziumlarda (İran İ.R. Rasiya, Türkiyə və s.) çıxış etmişdir. Bu sahədə 200-dən çox elmi-kütləvi əsərlərin müəllifidir. 1981-ci ildən institutda “Coğrafi  fikir tarixi” şöbəsində Azərbaycanda coğrafiya elminin inkişaf tarixi, Azərbaycanın  tarixi coğrafiyası, ayrı-ayrı alimlərin coğrafiya elminin inkişafda rolu, onların yeni elmi fikir və ideyaları haqqında  yığcam, elmi-tarixi  tədqiqat işləri yerinə yetirmişdir. Hazırda  institutun elmi fəaliyyətində və plan işlərinin yerinə yetirilməsində aparıcı tədqiqatçı kimi fəal iştirak edir.

Elmin tarixi (coğrafiya elminin) inkişafı haqqında doktorluq disertasiyası yazıb hazırlamışdır. İki nəfər elmlər namizədi hazırlamışdır. Namizədlik işlərinə opponentlik, diplom işlərinə rəhbərlik etmişdir.

Hal-hazırda 30-ilə yaxındır həmin şöbənin rəhbəri vəzifəsində çalışır. A.T.Haqverdiyev Coğrafiya İnstitutunun ictimai həyatında fəal iştirak edir. O, 1976-ci ildən AMAE Coğrafiya İnstitutunun Həmkarlar İttifaqına sədr seçilmişdir. 1984-cü ildən isə İnstitutun Partiya təşkilatına katib seçilmişdir. 1991-ci ildən Partiya təşkilatı ləğv edildikdən sonra yenidən İnstitutun Həmkarlar Təşkilatının sədri vəzifəsinə seçilmişdir. O vaxtdan indiyə qədər həmin vəzifədə çalışır.

Həmin müddət ərzində institutda əməkdaşların həmrəylik hüquqlarının qorunması, onlar üçün mədəni-kütləvi tədbirlərin görülməsi, istirahət vaxtlarının təminatı, əməkdaşlara maddi yardım, kollektiv gəzinti və s.  sahələrdə fəal və səmərəli işlər görülmüşdür. Bu müddət ərzində keçmiş Sovet məkanının görməli yerlərinə, Azərbaycanın dilbər guşələrinə təkrar-təkrar gəzintilər təşkil olunmuşdur. Bayram günlərində, yeni il şənliklərində, müxtəlif  vaxtlarda, teatr, sirk, yolka şənliklərinə həmişə kollektiv tədbirlər həyata keçirilmişdir. 30-ilə yaxındır institutun elmi şurasında  fəaliyyət göstərir. Əməkdaşların yubiley şənliklərini keçirir, maddi  cəhətdən ehtiyacı olan əməkdaşlara maddi yardım göstərir, tənha, xəstə əməkdaşlara daima diqqət və qayğı göstərir. HT-nın sənədlərinin tərtibinda əmək qanunlarına riayət olunur. 30-ildən çoxdur bu sahədə böyük iş təcrübəsi qazanmışdır.

A.T.Haqverdiyevdən əvvəl yəni 1976-cı ilə qədər İnstitutun HT-na:

S.Qaramollayev;

M. Cabbarov rəhbərlik etmişdir.