TAHİR TALIB OĞLU ORUCOV

Tahir Talıb oğlu 1960-cı il avqust ayının 1-də Tərtər (keçmiş Mirbəşir) rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1977-ci ildə Evoğlu kənd orta məktəbini bitirmiş, 1978-1980-ci illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına ADU) filologiya fakültəsində təhsil almışdır. T.Orucov BDU-nu bitirdikdən sonra 1987-2001-ci illərdə təyinatla Ağcabədi və Tərtər rayonlarında müəllim, tədris işləri üzrə direktor müavini, qəzetdə müxbir, şöbə müdiri işləmişdir. 2002-ci ildən Azəbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi əməkdaşıdır.

      T.Orucov 2008-ci ildə AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında “Qaravəlli janrının poetikası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2012-ci ildən AMEA Folklor İnstitutunun dosentidir. Dörd kitabın: Azərbaycan xalq ədəbiyyatından seçmələr. (Qaravəllilər, oyunlar və xalq tamaşaları). Bakı: Şərq-Qərb, 2005; Azərbaycan folkloru antologiyası. XIV kitab, Dərbənd folkloru. Bakı: Səda 2006 (H.İsmayılovla birlikdə);  Qaravəlli janrının poetikası. Bakı: Nurlan, 2009; Azərbaycan qaravəlliləri. Bakı: Elm və təhsil, 2013, 50-yə yaxın elmi məqalənin müəllifidir.

     O, hazırda AMEA Folklor İnstitutu “Müasir folklor” şöbəsinin  aparıcı elmi işçisi, İnstitut Həmkarlar İttifaqı Təşkilatının sədri, beynəlxalq “Dədə Qorqud” jurnalının məsul katibidir.          

 

Azərbaycan MEA Folklor İnstitutu Həmkarlar İttifaqı Komitəsi ilk dəfə Dədə Qorqud adına Folklor-Elmi Mədəni Mərkəzi işçilərinin 5 may 1997-ci il tarixli iclasının qərarı ilə  yaradılmışdır. Dədə Qorqud adına Folklor-Elmi Mədəni Mərkəzi Həmkarlar İttifaqı Komitəsinin ilk sədri Mərkəzin əməkdaşı, filologiya elmləri namizədi Oruc Söhrab oğlu Əliyev olmuşdur. O,1949-cu il noyabr ayının 10-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. O.Əliyev 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Universiteti bitirdikdən sonra təyinatla Biləsuvar rayonuna getmiş və orada müəllim işləmişdir. 1981-1984-cü illərdə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1988-ci ildə “Azərbaycan sehrli nağıllarının ideya-bədii xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.

Folklor İnstitutu Həmkarlar İttifaqı Komitəsinin 11 dekabr 2003-cü il tarixli iclasında Orucov Tahir Talıb oğlu Folklor İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.  Hazırda İnstitut Həmkarlar İttifaqı Komitəsinin 223 üzvü var. Folklor İnstitutu HİK Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfedrasiyası AMEA Azad Həmkarlar İttifaqının yerli icra orqanıdır. İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri, onun müavini və büro üzvləri  Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasında seçilir. İnstitut Həmkarlar İttifaqı Komitəsi İnstitut işçilərinin mənafeyini təmsil edir, sanatoriya, istirahət evləri və  pansionatlara yollayışları müəyyənləşdirir, maddi yardımlar göstərir, İnstitut rəhbərliyi ilə sosial-mədəni tədbirlər proqramı hazırlayıb həyata keçirir. Folklor İnstitutu Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərdiyi müddətdə yüzlərlə İnstitut əməkdaşına maddi yardım etmiş, onlar yollayışla  sanatoriya, istirahət evləri və pansionatlara göndərilmişdir. Bununla yanaşı, İnstitut Həmkarlar İttifaqı Komitəsi İnstitutda  mədəni-kütləvi tədbirlərin keçirilməsində İnstitut rəhbərliyinə yaxından köməklik göstərmişdir.

         Yarandığı vaxtdan etibarən Folklor İnstitutu Həmkarlar Təşkilatı Folklor İnstitutunun ictimai-sosial və mədəni həyatında fəal iştirak etmişdir. İnstitut HİK öz fəaliyyətini İnstitut  rəhbərliyi ilə birgə iş prinsipi əsasında qurmuş, qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli şəkildə fəaliyyət göstərmişdir. Həmkarlar Təşkilatının ən əsas işi Əmək Məcəlləsinə uyğun olaraq işçilərin əmək hüquqlarını qorumaq və mədəni-kütləvi işləri həyata keçirməkdən ibarətdir. Öz işini məhz bu prinsiplər üzərində quran HİK rəhbərliyi və büro üzvləri daim İnstitut işçiləri arasında olmuş, onların ehtiyacları ilə maraqlanamış, mütəmadi olaraq Təşkilata ərizə ilə müraciət etmiş institut əməkdaşlarına maddi yardımlar göstərmiş, əməkdaşların azyaşlı uşaqlarını Yeni il şənliklərində pulsuz yolka biletləri ilə təmin etmiş, müxtəlif sanatoriya, kurort və istirahət düşərgəsinə yollayışlar təşkil etmişdir. Yeni il,  Novruz, 8 Mart Beynəlxalq Qadınlar Bayramı  və  başqa bayramlar münasibətilə hər il institutumuzda müxtəlif  tədbirlər keçirilmiş, bayram süfrələri açılmışdır.

       Həmkarlar Təşkilatına ərizə ilə müraciət etmiş institut əməkdaşları müntəzəm olaraq sanatoriya-kurort müəssisələrinə yollayışlarla təmin olunmuşlar. Onlara “Xəzər”, “Bilgəh”,”Qaranquş”, “Şahdağ”, “Abşeron”, “Qax”  və s. kimi müalicə və istirahət düşərgələrinə Təşkiltımız tərəfindən yollayışlar verilmişdir. Bu yollayışların  dəyərinin 15%-ni onu alan institut əməkdaşı, qalan 85%-ni isə Həmkarlar Təşkilatı ödəmişdir.  Sosial sığorta, xəstəlik vərəqlərinin qeydiyyata alınması və s. sahələrdə də Həmkarlar Təşkilatı müəyyən işlər görmüşdür. Bundan başqa, Həmkarlar Təşkilatı olaraq biz İnstitut əməkdaşlarının yubileylərinin təşkilində və keçirilməsində İnstitut rəhbərliyinin  yaxın köməkçisi olmağa, müvafiq tədbirlər görməyə çalışırıq.

    Ötən müddət ərzində Folklor İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən Şamaxı, Pirqulu, Qobustan, Qəçreş və s. yerlərə gəzintilər təşkil edilmişdir. Əməkdaşlarımız orada stirahət etməklə yanaşı, həmin yerlərdə olan tarixi abidələrlə, görməli yerlərlə tanış olmuşlar. Həmkarlar Təşkilatı İnstitutun Elmi Şurasında və Müdafiə Şurasında, o cümlədən müvafiq işlərlə bağlı yaradılmış komissiyalarda təmsil olunmuşlar. Xüsusilə Həmkarlar Təşkilatımız İnstitut əməkdaşlarının fərdi planlarının yoxlanılması, əmək intizamı, işə davamiyyəti və s. kimi sahələrdə müdriyyət ilə birgə fəaliyyət göstərmişdir.

    AMEA Azad Həmkarlar Təşkilatının yeni seçilmiş sədri prof. İsa Alıyevin və AMEA prezidenti akademik Akif Əlizadənin təşəbbüsü ilə Akademiya nəzdində olan İnstitutlar arasında tanışlıq, əməkdaşlıq və ünsiyyət yaratmaq məqsədi ilə də 04 iyul 2014-cü ildə və 09 oktyabr 2014-cü ildə “Görüş” kafesində mədəni-kütləvi tədbir keçirilmişdir. Burada Akademiyanın nəzdində olan təşkilatların direktorları, direktor müavinləri, şöbə müdirləri, fəal işçilər, gənc alimlər və b. qeyri-formal şəraitdə görüşərək tanış olmuş, qazandıqları elmi nailiyyətləri bir-birləri ilə bölüşmüş, fikir mübadiləsi etmişlər. Bundan başqa, son üç ildə Folklor   İnstitutu   əməkdaşlarından bir qrupu pulsuz olaraq ”Sağlam nəsil” MMC klinikasındatibbi müayinədən keçirilmişdir.

    Folklor İnstitutu Həmkarlar İttifaqı Komitəsi bundan sonra da müntəzəm olaraq sosial-mədəni sahələrdə tədbirlər proqramı hazırlayıb həyata keçirirməyə çalışacaq və  bu istiqamətdə səylərimizi daha da artıracaqdır.