Xəbərlər
05.02.2020 - 10:00
ƏMƏK MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI ÜZRƏ TƏLİMATLAR VƏ ONLARIN KEÇİRİLMƏSİ QAYDALARI

İdarə, müəssisə və təşkilatlarda fəhlə və qulluqçulara keçirilən təlimatlar öz xüsusiyyətlərinə görə giriş və iş yerində təlimatlara ayrılır. İşə daxil olan bütün fəhlə və qulluqçulara onların təhsilindən, ixtisasından, elmi dərəcəsindən, peşə və vəzifə üzrə iş stajından asılı olmayaraq giriş təlimatı keçirilməlidir. Bu cür təlimat müəssisə ərazisinə və istehsalat sahəsinə buraxılmış bütün şəxslərə keçirilməlidir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərildiyi kimi “Azərbaycan Respublikası iqtisadiyyatının bütün sahələrinin müəssisələrində Əməyin Mühafizəsi Normaları və Qaydalarına nəzarət etmək üçün müvafiq səlahiyyətlər verilən və bu işin öhdəsindən gələ bilən kadrlardan ibarət əməyin mühafizəsi xidməti yaradılmalıdır”.

Giriş təlimatı “Əmək Mühafizəsi xidməti” işçisi tərəfindən keçirilir və “Giriş təlimatı” keçirilməsinin qeydə alındığı ayrıca qaytanlı jurnalda rəsmiləşdirilir və işəgirmə ərizəsində qeydə alınır.

Giriş təlimatı müəssisənin müvafiq xidmət və şöbələri, eləcə də hüquq işçiləri tərəfindən hazırlanmış və həmkarlar ittifaqı ilə razılaşdırılaraq, müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş, müvafiq proqram əsasında keçirilir.

Giriş təlimatının keçirilməsi üçün nümunəvi

proqram forması

  1. Müəssisə haqqında ümumi məlumat;
  2. Müəssisənin və onun ayrı-ayrı bölmələrinin vəzifələri, strukturu və xüsusiyyətləri;
  3. Müəssisənin iqtisadiyyatın hansı sahəsi olması haqda məlumat;
  4. Müəssisənin, onun sexlərinin sahələrinin, emalatxanalarının, laboratoriyalarının, obyektlərinin yerləşdiyi sahələr;
  5. Müəssisənin idarəetmə üsulu və mülkiyyət forması;
  6. Müəssisənin və onun bölmələrinin iş vaxtı;
  7. Və s.

Giriş təlimatının keçirilməsinin qeydə alındığı qaytanlı jurnal bu təlimatı keçirən “Əmək Mühafizəsi Xidməti” şöbəsində, əgər belə şöbə yoxdursa bu sahəyə əmrlə təyin olunmuş cavabdeh şəxsdə saxlanılır.

“İş yerində təlimat”ın keçirilmə qaydaları

“İş yerində təlimat”ın aşağıdakı növləri vardır:

- ilkin təlimat;

- vaxtaşırı təlimat;

- növbədənkənar təlimat;

- birdəfəlik təlimat;

Bu təlimat bütün fəhlə və qulluqçulara onların təhsilindən, ixtisasından, elmi dərəcəsindən, peşə və vəzifə üzrə iş stajından asılı olmayaraq müvafiq qanunlara uyğun şəkildə keçirilməlidir.

 

İlkin təlimat

Fəhlə və qulluqçular bilavasitə iş yerində ilkin təlimatı onlar sərbəst işləməyə buraxılmazdan qabaq, bir işdən digər işə, ya da ayrı xüsusiyyətli iş sahəsinə keçirilərkən və istehsalat şəraiti dəyişilərkən keçirilir. İş yerində təlimatın fəhlələr üçün keçirilməsi bilavasitə iş yeri üzrə rəhbərə, qulluqçularla keçirilməsi isə sex, bölmə, laboratoriya, qurğu rəhbərinə tapşırılır. Burada məqsəd hər bir işçini təhlükəsiz iş üsullarının əsas qaydaları ilə tanış etmək, işlərin təhlükəsiz yerinə yetirilməsi üçün işçilərin biliklərini artırmaq, yada salmaq və möhkəmləndirməkdir.

 

Vaxtaşırı təlimat

Bütün fəhlələrlə və bəzi qulluqçularla onların təhsilindən, ixtisas dərəcəsindən, peşə və vəzifə üzrə iş stajından və tutduğu vəzifəsindən asılı olmayaraq hər 3 aydan bir vaxtaşırı təlimat keçirilməlidir.

Vaxtaşırı təlimatın keçirilməsində məqsəd işçilərin əsas və daha tez-tez yerinə yetirdikləri digər işlər, əməliyyatlar zamanı təhlükəsizliyin tələblərinə aid biliklərini təkrar etmək, dərinləşdirmək və möhkəmləndirməkdir. Vaxtaşırı təlimatı bilavasitə işin rəhbəri (usta, iş icraçısı, sex rəisi, sahə və qurğu rəisi və s.) iş yerində müvafiq proqram əsasında keçirir. Bu zaman ilkin təlimatdan sonrakı dövrdə uğurlu və uğursuz işlər nəzərə alınmaqla, alınmış əmrlər, sərəncamlar, məktublar barədə izahatlar verilir.

 

Növbədənkənar təlimat

 

İstehsalat zərurətindən asılı olaraq xüsusi hallarda fəhlə və qulluqçulara işlərin təhlükəsiz görülməsinə dair növbədənkənar təlimat keçirilməlidir və bu aşağıdakı hallarda keçirilir:

-         İstehsal prosesi dəyişdikdə;

-         Avadanlıq və alətlərin yeniləşdirilməsi ilə əmək şəraiti dəyişdikdə;

-         Müəssisədə bədbəxt hadisə və ya qəza baş verdikdə;

-         Yüksək dərəcədə təhlükəsizlik tələbləri olan işlərdə (sahələrdə) 30 təqvim günündən artıq fasilələr olduqda;

-         İşçilər tərəfindən təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğu hallarda;

-         Əmək təhlükəsizliyi ilə bağlı yeni qaydaların, təlimatların və standartların qüvvəyə minməsi zamanı;

-         Müəssisə rəhbərliyinin əmr və sərəncamları, yuxarı təşkilatların və nəzarət orqanlarının göstərişləri və digər hallarda .

Fəhlə və qulluqçulara növbədənkənar təlimatı (ilkin və vaxtaşırı təlimatlar kimi) işlərin bilavasitə rəhbərləri keçirlər.

 

Birdəfəlik təlimat

 

Yuxarıda deyilənlərlə yanaşı olaraq, bütün fəhlə və qulluqçular, onların vəzifələrinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək, yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq-icazə) olan zaman birdəfəlik təlimat keçməlidirlər.

Birdəfəlik təlimatı işin məsul rəhbəri (iş ustası, iş icraçısı, sahə rəisi, sex rəisi və s.) keçməli və tapşırıq-icazə vərəqəsində qeyd olunmalıdır.

İş yerlərində keçirilən təlimatların dördü də (ilkin, vaxtaşırı, növbədənkənar və birdəfəlik) Əmək Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə işçilərə “İş yerində” keçirilən təlimatın qeydiyyatı və uçotu jurnalında rəsmiləşdirilir. Bu jurnallar bilavasitə bu təlimatları keçirən ayrı-ayrı vəzifəli şəxslərdə (şöbə müdirlərində, sex rəislərində, iş icraçılarında, sahə və qurğu rəislərində) saxlanılır.

 

İşçilər üçün “İş yerində təlimat”ın hazırlanması qaydaları

 

İşçilərin peşələr və ayrı-ayrı iş növləri üzrə təlimatları bölmə rəhbərlərinin, baş mütəxəssislərin (baş texnoloq, baş mexanik, baş energetik, baş metallurq, baş konstruktor və sair) əmək və əmək haqqı üzrə mütəxəssislərin iştirakı ilə “əməyin mühafizəsi xidməti” şöbəsinin işçiləri tərəfindən müvafiq siyahı əsasında hazırlanır.

Xüsusi siyahı, əsas etibarı ilə, müəssisə tərəfindən işlərin və peşələrin Vahid Tarif dərəcələri barədə olan məlumat kitabçalarını, eyni zamanda müvafiq qaydada təsdiq edilmiş xidməti vəzifələr barədə olan məlumat kitabçalarına uyğun olaraq təsdiq edilmiş işçilərin ştat cədvəlinə əsasən tərtib edilir. Siyahı müəssisə rəhbərliyi tərəfindən təsdiq olunur və müəssisənin bütün struktur bölmələrinə göndərilir.

 

Müəssisənin sex, sahə, şöbə, laboratoriya və digər bölmələrinin işçiləri üçün təlimat onların rəhbərləri tərəfindən işlənib hazırlanır.

 

 

Müəssisənin “Əməyin mühafizəsi xidməti” işçilər üçün təlimatların vaxtlı-vaxtında işlənib hazırlanmasına, onun yoxlanılmasına, yenidən baxılmasına daim nəzarət etməklə yanaşı təlimatı hazırlayanlara lazım olan vəsaitlərlə, standartlarla və əməyin mühafizəsi üzrə digər normativ aktları əldə etməyə yardımçı olmaqla onlara metodiki köməklik göstərməlidir.

Təlimatların hazırlanması üçün aşağıda göstərilən amillər əsas götürülməlidir:

-  Texnoloji prosesin öyrənilməsi, onun normal iş vəziyyətindən və optimal iş rejimindən kənarlaşma hallarında əmələ gələn təhlükələr;

- İstifadə olunacaq avadanlıq, dəzgah, alət və qurğuların təhlükəsizlik tədbirlərinə uyğunluğunu müəyyənləşdirmək;

- Təlimatların işlənib hazırlanmasında istifadə etmək üçün əməyin mühafizəsinə aid lazımi sənədlərin seçilib toplanılmasını təşkil etmək;

-  Müvafiq işlərin yerinə yetirilməsində istifadə ediləcək qoruyucu vasitələrin səmərəliliyinin və konstruktiv xüsusiyyətlərinin öyrənilməsi;

- Müəsisələrdə qəza və bədbəxt hadisələrin nəticələri ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilmiş müvafiq əmrlərin, informasiya xarakterli məktubların və sərəncamların öyrənilməsi.

- Peşələr və iş növləri üzrə qəza vəziyyətinin, istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin baş vermə səbəblərinin öyrənilməsi;

- Təhlükəsiz iş metodlarının və üsullarının, onların ardıcıllığının, eyni zamanda texniki və təşkilati tədbirlərin hazırlanacaq təlimata daxil edilməsinin müəyyənləşdirilməsi;

-  Təsdiq edilmiş normalara əsasən iş və əmək rejiminin müəyyənləşdirilməsi;

-  Təlimatlara daxil edilən əməyin mühafizəsi üzrə normativ aktların tələbləri, əsas etibarı ilə işçilərin konkret iş yeri və iş şəraitinə uyğun olaraq açıqlanmalıdır.