Xəbərlər
03.04.2014 - 15:32
“İlin ən pis əsəri” sorğusuna tənqidçilərimizin cavabı

“İlin ən pis əsəri” sorğusunu cavablandırmaq üçün bu dəfə tənqidçilərimizə müraciət etdik:

Tehran Əlişanoğlu: “Son vaxtlar oxuduğunuz zəif əsər?” sualı mənimçün bir az çətin oldu. Çünki indiki halımda yalnız seçmə oxuya üstünlük verirəm, yəni tanıdığım, nəsə gözlədiyim müəllifləri oxuyuram. Və bir qayda: “nəsə” tapıram da. Odur ki, bu halda “zəif əsər” məsələsi nisbi səciyyə daşıyır. Bəlkə də, mənə bəlli olmayan çox-çox əsərlərdən üstün, amma “bəlli olanlar” içində “zəif” demək olar...

Bir oxucu kimi: o əsərə “zəif” deyirəm ki, başladınmı – getmir, tez-tez kənara qoyursan, səni çəkmir. Professional ədəbiyyatçı olmasam, yaxud verdiyim pula heyfsilənməsəm, axıracan oxumaram da. Kitab rəfimə baxıb, bir sıra belə kitablar tapdım: Oktay Hacımusalının “Bu vaxtın sahibi” (2011), Cəlil Cavanşirin “İtirilmiş əlyazma” (2012), Sevinc Elsevərin “Falçı” (2014) ... və bir də Əsəd Qaraqaplanın “SAVAŞroMAN”ı (2012).

İndilik, bir sonuncunu vurğulamaq istərdim. Çünki bu kitabı mən müəllifin özündən istəmişdim. “Halroman” (2009) və “XiLASroMAN”dan (2010) hali olub, trilogiyanın son əsərini də oxumaq istəmişdim. Mənə elə gəlmişdi ki, Əsəd Qaraqaplan romanın bir janr olaraq nə olduğunu az-çox bilən-duyan azsaylı gənc yazarlardandır. Fərdin fəlsəfəsi, metafizik dünyası üzərində qurduğu birinci iki romanda sanki bunu deyirdi. Motivi Fərdin “hal”ından “ruhu”nun gerçəklərdə parçalanmasına qədər gətirə bilmişdi. “Halroman”ı “böyük məğlubiyyət” adlandıranlar nə qədər haqlıydılarsa, “XiLASroMAN” bir o qədər qələbənin yaxınlığından xəbər verirdi. Təəssüf ki, “SAVAŞroMAN” Əsəd Qaraqaplanın girişdiyi roman-trilogiyada məğlubiyyəti, həm də ucuz məğlubiyyəti oldu...

Nədən belə deyirəm: əsər, düşünüldüyü kimi, “savaş-roman” yox, “barış-roman” kimi alınıb. O mənada yox ki, metafizik çarpışmalar barəsində “barış-roman” yazmaq olmaz. Məsələ budur ki, əsərdə müəllif “barış-roman”ın fəlsəfəsinə girməyib, əksinə, onu “savaş-roman” adıyla oxucuya “sırımağa” çalışır. “Savaş”dan (iç savaşından söhbət gedir) əsərdə əsər-əlamət yoxdur. Belə ki: “sevgi-həyat” fəlsəfəsindən dünyaya, habelə oxucunun qəlbinə girməyə çalışan (birinci iki əsərdə) romançı sonda (“SAVAŞroMAN”da) ucuz sevgi macəraları ilə kifayətlənməli-daldalanmalı olub. Üst-başına fikir verməsən, bu elə ötən əsrin 70-ci illərinin sevgi belletristikasının təkrarıdır (məsələn, Salam Qədirzadədə olduğu kimi). Bu cür “barış”larla romançılığı irəlilətmək çətindir. Sadəcə, təəssüfləndim”.

Nərgiz Cabbarlı: “Hansısa əsəri “ən pis əsər” adlandırmaq istəməzdim. Ümumiyyətlə, mətn “əsər” adlandırılırsa, bu artıq onun əsas və müsbət məziyyəti kimi qəbul edilməlidir. Və edilir də. Oxuyub da zövq almadığım, hətta məcburən haqqında yazmalı olduğum mətnlər olub ki, məni həm heyrətləndiriblər – xüsusilə də, müəlliflərin əksəriyyətinin özündənrazı və özünəməftun mövqeləri və ətrafında yaradılan ajiotacla... - bir də, təəssüfləndiriblər. Zaman itkisi baxımından.
“İntihar hörüyü” və “On bir gecə”nin adını çəkə bilərəm. Hər ikisi roman adlandırılan bu mətnlər haqqında yazdığım üçün, xüsusi olaraq, nəsə demək istəmirəm. Amma qeyd edə bilərəm ki, ikinci əsərin müəllifinin – Rasim Qaracanın “Əyri evin qadını” kitabı haqqında fikrim daha pozitiv idi və orada diqqətimi sözün həqiqi mənasında çəkən bir neçə hekayə vardı. Bu səbəbdən də “On bir gecə”ni maraqla ələ alıb təəssüflə tamamladım. Söhbət heç oxu prosesinin ağırlığından da getmir. Əksinə... O qədər yüngül oxunurdu ki, özündən sonra ağır mövzu ilə bağlı olmasına rəğmən tam bir boşluq qoydu... “Qarabağ Dekameronu”nda nə Qarabağ vardı, nə də sözün birbaşa mənasında Covanni Bokkaççonun “Dekameron”u (strukturunu çıxmaq şərtilə). Şəhriyarın “İntihar”ından sonrakı təəssüratı isə böyük bir sual işarəsi ilə ifadə edə bilərəm... Halbuki, onun da şeirləri haqqında düşüncəm fərqlidir...

Bir də “Daş yuxular”ın adını çəkə bilərəm. Yazıda nümayiş etdirilən mövqeni bir kənara qoyaraq deyim ki, bu mətn “bədii əsər” adlandırıla biləcək mətn deyildi. Hətta Əkrəm Əylislinin adı üzərində olmasaydı, onun olduğuna belə şübhə edərdim. Çünki yazıçının bədii üslubu duyulmur. Zaman-zaman özünü göstərən cığallığından və məlum münasibətindən fərqli olaraq”.

Əsəd Cahangir: “Son bir neçə ildə oxuduğum ən uğursuz əsər Nərmin Kamalın "Aç mənəm" romanıdır. Nərmini çox savadlı, ziyalı bir xanım sayıram və bu yöndən ona hörmətim var. Onun postmodernizm haqqındakı tərcüməsini də son illərin filoloji tərcümələri arasında ən lazımlı faktlardan biri sayıram. Amma məncə, Nərminin bədii istedadı yoxdur. Hətta zəif də yox, ümumən yoxdur. Vacib deyil ki, sən hökmən bədii mətn yazasan. Gərək harda söz deyə bilirsənsə, orda özünü sınayasan. Nərmin Kamalın bundan öncə şeirlərini oxumuşdum. Hələ onda təxminən bu qərara gəlmişdim. Romanı bu qənaətimi bir az da möhkəmlətdi. O nəzəriyyəni bilir, amma bunu bədii praktikaya tətbiq edə bilmir. Uğursuzluğunun ən ciddi səbəbi budur. Bunun isə bir səbəbi var. Savad kifayət eləmir. İstedad da lazımdır. "Aç mənəm" o qədər uğursuz əsərdir ki, mən onun haqqında Oxu zalına məqalə yazmaqdan imtina etdim və bundan sonra Oxu zalının keçirdiyi roman müzakirələrində iştirakıma, ümumən, son qoydum. Müəllif nə dediyini bilir, hətta onu necə deyəcəyini də bilir. Və hətta nəsə də deyir. Amma bunun ədəbiyyata heç bir dəxli yoxdur. Mən Pərvizin, Aqşinin də romanlarını bəyənməmişdim. Amma onları heç olmasa, tənqid etmək olur. Təsəvvür edirsinizmi, Nərminin romanı hətta tənqid üçün belə material vermir. Amma məni heyrətləndirən Nərminin roman yaza bilməməsi yox, başqa məsələdir. Doğrudanmı, bu qədər savadlı, məlumatlı bir xanım nə qədər zəif, darıxdırıcı, uğursuz bir şey yazdı”.