Xəbərlər
12.02.2025 - 17:07
“AZƏRBAYCAN FƏLSƏFƏ ELMİNDƏ ALİM QADINLARIN FƏALİYYƏTİ” ADLI DƏYİRMİ MASA KEÇİRİLİB

      AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Qadınlar Şurası və AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə “11 fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” münasibəti ilə “Azərbaycan fəlsəfə elmində alim qadınların fəaliyyəti” adlı Dəyirmi masa keçirilib. 

      Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bu gün münasibətilə institutun xanım əməkdaşlarını təbrik edib. Onların fəaliyyətindən, qadınların cəmiyyət həyatında oynadığı rolundan, tutduqları yüksək mövqeyə diqqət çəkib: “Elm sahəsində çalışan qadınlar arasında birlik nümayiş etdirməlidilər, istərdim ki, alim xanımlardan ibarət elmi məqalələrdən ibarət toplu, monoqrafiya hazırlansın”.

       İ.Məmmədzadə çıxışının sonunda institutda çalışmış alim xanımları yad edərək onların elmi nailiyyətlərdən, fəlsəfə elminə verdiyi töhfələrdən bəhs edib.  

       Sonra f.ü.f.d, dosent Şölət Zeynalov “Azərbaycan qadınlarının elmdə ictimai-siyasi fəaliyyəti”, f.ü.f.d. Təzəgül Qasımova “Bu günün qadın alimlərinin elmdə səsi: məqsədlər və hədəflər”, f.ü.f.d., Hüseyn İbrahimov “Müasir həyat tərzi ailə və qadın problemləri kontekstində, f.ü.f.d. Mahrux Nəcəfova “Elmdə gender fərqləri: Azərbaycan nümunəsi”, Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar şurasının sədr müavini, elmi işçi Xanımağa İsmayılova “AMEA, Fəlsəfə və Sosiologiya İnstitutunun filosof qadınları və bu günü” mövzusunda məruzə ilə çıxış etmişlər. 

     AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək cəmiyyətimizin bütün sahələrində qadınların roluna, xüsusən qadın alimlərin ictimai-siyasi həyatımızda verdiyi töhfələrə dair təhlillər aparıb. Cəmiyyətimizin inkişafı naminə qarşıda duran vəzifələrdə qadınların xüsusi yerinə dair fikirlərini bildirib.

     Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar şurasının sədri, f.e.d. Lalə Mövsümova, f.e.d. Arzu Hacıyeva və digər çıxışçılar mövzu ilə bağlı fikirlərini bölüşüblər.