HACIYEV TALEH ELTON OĞLU

 Hacıyev Taleh Elton oğlu 16 aprel 1982-ci il tarixində Azərbaycan Respublikasının Ağdaş şəhərində anadan olub. 2000-ci  ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş, 2005-ci ildə ilahiyyatçı, ərəb dili müəllimi ixtisası üzrə 5 illik tam kursu bitirib. 01.12.2005-ci ildən 01.12. 2008-ci ilədək Bakı Dövlət Universitetinin 09.00.13. “Dinşünaslıq; mədəniyyətin fəlsəfəsi” ixtisası üzrə əyani aspirantı olmuş, 2009-cu ildə akademik Vasim Məmmədəliyevin elmi rəhbərliyi altında dissertasiya işini müdafiə edərək 2010-cu ilin oktyabr ayında fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 01.09.2014-cü il tarixindən 23.10.2018-ci il tarixinədək əlavə təhsil olaraq Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində qiyabi bakalavr təhsili alıb.

 2010-cu ilin aprel ayından Bakı Slavyan Universitetinin Ölkəşünaslıq ETL-də elmi işçi vəzifəsinə, 2013-cü ildən həmin universitetin Azərbaycan tarixi və ictimai elmlər kafedrasına baş müəllim vəzifəsinə təyin edilib. Hal-hazırda həmin kafedrada 0,5 ştat  vahidi ilə əvəzçi baş müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, Bakı Slavyan Universitetinin 23.01.2019-cu il  tarixli 22 nömrəli əmrinə əsasən Azərbaycan tarixi və ictimai elmlər kafedrasına daxili dosent vəzifəsinə seçilib.

22.08.2013-cü il tarixindən 02.03.2020-ci il tarixinə kimi Azərbaycan Respublikasıının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb və öz arzusu ilə Nazirlikdən işdən çıxıb.

01.09.2020-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatı Hüquq və kadrlar idarəsinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilib. 05.05.2021-ci il tarixində AMEA Rəyasət Heyəti aparatı Sənədlərlə iş şöbəsinin müdiri vətifəsinə təyin edilib. Hal-hazırda həmin vəzifədə işləyir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Taleh Hacıyev fəlsəfə tarixi və fəlsəfə nəzəriyyəsinin müxtəlif istiqamətlərinə dair bir çox elmi əsərlər çap etdirmiş, sovet dövründə dini-ideoloji dəyərlər, ailə-məişət ənənələrində dini dəyərlər ilə bağlı müxtəlif yerli və beynəlxalq konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Taleh Hacıyev “Adil Xan Ziyadxan. “Avropada Üç Aylıq Bir Səyahətim” (2012), “Əfəndizadə Məhəmməd Şərif. “Azərbaycan və inqilabı” (2013), “Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu” (2014), “Nadir şah Əfşar. Diplomatik yazışmalar” (2015), “ADR-İran Diplomatik Münasibətlər Qafqaz Fövqəladə Komissiyasının sənədləri işiğında (1919-1920-ci illər)” (2017) və b. monoqrafiyaların nəşrində tərtibçi, həmmüəllif olmuşdur.