Xəbərlər
05.09.2022 - 14:28
AHİK ŞUŞA ŞƏHƏRİNDƏ KONFRANS KEÇİRİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib. İlk öncə 44 günlük müharibədə şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda məruzə ilə çıxış edib. Sədr çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ali sərkərdəliyi ilə qazanılmış 44 günlük müharibənin tarixi Qələbəsi, Şuşa şəhərində aparılan geniş miqyaslı bərpa-quruculuq işləri, Qarabağın yenidən qurulması, Laçının şəhərinin  azad edilməsi və başqa mühim məsələlərdən danışılmışdır. Sonra çıxış edənlərdən Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev,  Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov bu mühim tədbirlə bağlı öz fikirlərini bildirdilər.

Tədbirin sonunda AHİK Şuşa konfransı iştirakçılarının Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciəti qəbul edilmişdir.