Xəbərlər
26.09.2022 - 15:00
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİBLƏR

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın  müxbir üzvü, professor Misir Mərdanovun rəhbərliyi ilə qurumun əməkdaşları “Anım günü” ilə əlaqədar sentyabrın 26-da II Fəxri Xiyabanını ziyarət ediblər. İnstitutun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən ziyarətdə əməkdaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxumuş və məzarlarının üzərinə çiçəklər düzmüşdülər.

         Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Ermənistanın 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, bütövlükdə xalq bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun siyasi və hərbi arenada üstünlüyü qarşısında aciz qalan düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla dəfələrlə müharibə cinayətləri törətmiş, beynəlxalq hüquq normalarını pozmuşdur.

İşğal altında olan torpaqlar qəhrəman şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində qələbəsi nəticəsində Azərbaycan xalqının otuz illik həsrətinə son qoyuldu, doğma torpaqlar şəhidlərin qanı bahasına düşmən işğalından azad edildi. Vətən müharibəsi nəticəsində qazanılan qələbə düşmənə sarsıdıcı zərbə endirdi.

Müharibə dövrünün özünəməxsus çətinlikləri olsa da Azərbaycan ordusu şücaətlə mənfur düşmənin təxribatlarını dəf etdi, Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi.

         Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir Azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!