G.A.Qurbanova 1956-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin “Biologiya” fakultəsinə daxil olmuş, 1980-cı ildə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda “Mərkəzi sinir sisteminin müqayisəli yaş fiziologiyası” laboratoriyasında laborant, 1986-cı ildən elmi işçi kimi işləmişdir.
O, 1990-cı ildə “Aspartat və alaninaminotransferaza fermentinin fəallığının itin görmə analizatorunun şöbələrində hüceyrə daxili paylanmasının postnatal ontogenezdə və işıqdan məhrumetmə zamanı dəyişməsinin qanunauyğunluqları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1993-94-cü illərdə elmi işçi vəzifəsində işləmişdir. 1994-cü ildən bəri isə həmin laboratoriyanın baş elmi işçisi vəzifəsində çalışmışdır. 1994-cü ildə Naxçıvan Universitetində “Təbiət elmləri” kafedrasının müdiri və Universitetdə qiyabi şöbədə dekan vəzifəsində işləmişdir.
O, 2000 - ci ildə Fiziologiya İnstitutunda baş elmi işçi rütbəsini almışdır. G.A.Qurbanova Respublika və xarici elmi nəşrlərdə çap olunmuş 56-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin, 1 metodik göstərişin müəllifidir. Müxtəlif şəhərlərdə elmi forumlarda iştirak etmişdir, elmi yaradıcılıqla yanaşı, ictimai işlərdə fəal çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən YAP Yasamal rayon ƏİPT-nin sədr müavinidir.
Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin Elmi Əsərlərinin 2002-2006-ci illərdə redaksiya heyətinin üzvü, 2007-2013-cü illərdə redaktoru, 2014-2017-ci illərdə redaksiya heyətinin üzvüdür.
A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Elmi və Dissertasiya Şuralarının üzvüdür.
G.A.Qurbanova 2001-ci ildən A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Elmi innovasiya və informasiya” şöbəsinin rəhbəridir.