25 oktyabr 2018-ci ildə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin təşkilatçılığı ilə keçirilən II Spartakiadanın bağlanış tədbiri olub. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, AMEA-da rəsm çəkmək, şeir yazmaq kimi istedadı olan alimlərin üzə çıxartmaq üçün bir sıra tədbirlər planı həyata keçirilir. Buna misal olaraq, IX Rəsm sərgisini, bədii yaradıcılıqla məşğul olan gəncləri fərqləndirmək üçün keçirilmiş “Qoşa qanad” layihəsini göstərmək olar. O, AMEA-nın əməkdaşlarının təkcə elmdə deyil, digər sahələrdə də bacarıqlarını göstərmək üçün burada yaradılan şəraitdən danışıb. Bildirib ki, bu cür tədbirlərə ictimai marağın artmasına səbəb AMEA-nın prezidenti, akademik Akif Əlizadənin apardığı siyasətdir. O, qeyd edib ki, Ulu öndər Heydər Əliyevin elm sahəsində yürütdüyü məqsədyönlü siyasət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində AMEA mühüm inkişaf yolundadır. İ.Həbibbəyli Azərbaycan elminin beynəlxalq aləmdəki mövqeyindən bəhs edib. O, II Spartakiadanın təşkilində xidməti olan hər kəsə, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinə, AMEA GAMŞ-a AMEA-nın prezidenti və rəhbərliyi adından minnətdarlığını bildirib. Tədbir AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun çıxışı ilə davam edib. O, II Spartakiadanın təşkilində böyük kollektivin xidməti olduğunu qeyd edib. H.Qurbanov yarışların beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə edildiyini vurğulayıb. Oyunların obyektiv keçirilməsində hakimlərin rolundan danışıb. O, gələcəkdə voleybol və basketbol yarışlarının keçiriləcəyi haqqında məlumat verib, bu sahədə görülən işlərdən söhbət açıb. Professor FİFA-nın hakim inspektoru, AFFA-nın məsul işçisi Asim Xuduyevə minnətdarlığını bildirib. Qeyd edib ki, respublika dərəcəli hakim Rahin Heybətov artıq uzun müddətdir ki, AMEA-da futbol yarışlarını ədalətli idarə edir. Həmçinin o, stolüstü tennis yarışlarının idarə edilməsində göstərdiyi xidmətlərə görə beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasovaya, respublika dərəcəli hakim İsmayıl Mirzəyevə və şahmat yarışlarının idarə olunmasında göstərdiyi xidmətlərə görə AMEA-nın əməkdaşı, beynəlxalq dərəcəli hakim Namiq İsmayılova minnətdarlığını bildirib. II Spartakiadada 6 (3 qızıl, 2 gümüş, 1 bürünc) medal qazanaraq Fizika İnstitutu I yer, Neft-Kimya Prosesləri İnstitutu 3 (2 qızıl , 1 gümüş ) medalla II və Geologiya və Geofizika İnstitutu 3 (1 qızıl, 2 gümüş) medalla qazanaraq III yeri tutduqları üçün AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Fəxri diplomla təltif ediliblər. II Spartakiadanın yarışları (şahmat, stolüstü tennis və futbol) respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunmuşdur. Dörd hakim AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunub. II Spartakiadanın KİV-də yüksək səviyyədə işıqlandırdıqlarına görə Mətbuat xidmətinin rəhbəri, Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədr müavini Məryəm Əhmədli, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları, İctimaiyyətlə əlaqələr şöbəsinin jurnalisti Zərifə Feyzullayeva və Beynəlxalq əlaqələr şöbəsinin redaktoru Nərmin Şərifova Fəxri Fərman və pul mükafatı ilə təltif olunub.
Daha sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun aparıcı elmi işçisi, Həmkarlar Komitəsinin və Təşkilat Komitəsinin sədri Sitarə Bağırova bildirib ki, yarışda AMEA-nın 20 institut və təşkilatı iştirak edib. Oktyabrın 1-25-də keçirilmiş II Spartakiadada 21 medal urğunda (7 qızıl, 7 gümüş, 7 bürünc) mübarizə aparılıb.
AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutunun aparıcı elmi işçisi, Həmkarlar Komitəsinin və Təşkilat Komitəsinin sədri Sitarə Bağırova, Təşkilat Komitəsinin üzvü: AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Famin Salmanov, Fizika İnstitutunun GAMŞ-nın sədri Qafil Dəmirov, Təşkilat Komitəsinin işçi qrupunun üzvləri: Fizika İnstitutunun əməkdaşları Suma Hüseynova və Xuraman Vəliyeva Fəxri Fərmanla və pul mükafatı ilə təltif ediliblər.