AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli
17/3 nömrəli qərarı və AMEA Azad Həmkarlar
İttifaqı Rəyasət Heyətinin 23 sentyabr 2020-ci il tarixli
09 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti və Azərbaycan Milli Elmlər
Akademiyasının Azad Həmkarlar İttifaqının
Rəyasət Heyəti arasında 2020-2022-ci illər
üzrə kollektiv
S A Z İ Ş
I. Ümumi müddəalar
1.1. AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti aşağıdakı məsələlərin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, bu Sazişi bağlayırlar.
1.2. AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti AMEA-nın Rəyasət Heyətində, onun institut və təşkilatlarında əməkdaşların işə qəbulu və işdən azad edilməsi, başqa işə keçirilməsi, müsabiqə və attestasiya, ixtisasartırma məsələlərini mövcud qanunvericiliyə müvafiq surətdə həyata keçirərək, həmkarlar təşkilatının mövqeyini nəzərə alır, təşkilatın sədrinin İnstitutun elmi şurasına üzv olunması tövsiyyə olunur.
1.3. Fəaliyyət zamanı fikir ayrılığı, müxtəlif rəylər ortaya çıxarsa, tərəflər bunları qarşılıqlı məsləhətləşmə və razılaşma, lazım gəldikdə, Sazişə əlavələr yolu ilə həll edirlər.
1.4. AMEA-nın Rəyasət Heyəti, elmi müəssisə və təşkilatların rəhbərliyi qüvvədə olan qanunvericilik aktlarına müvafiq olaraq AMEA-nın Azad Həmkarlar İttifaqının hüquqlarını həyata keçirməyə şərait yaradır.
II. AMEA Rəyasət Heyəti
2.1. AMEA əməkdaşlarının respublikanın elmi və elmi-texniki inkişafı, onun mənəvi və mədəni tərəqqisi istiqamətində aparılan işlərdə bilavasitə iştirak etdiyini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti onların məşğulluğu, optimal əmək şəraitinin təmin edilməsi, elmi-texniki işlərin həyata keçirilməsi üçün lazım olan vəsaitlə maliyyələşdirmə, əməkhaqlarının vaxtında ödənilməsi, əməkhaqlarının artırılması istiqamətində işlər görməyi, əməkdaşlara əmək məzuniyyətinin verilməsini öz üzərinə götürür.
2.2.Elmi tədqiqat işlərinin və proqramlarının həyata keçirilməsi üçün zəruri olan material, texniki təchizat, vəsait, avadanlıq, ümumiyyətlə, əmək qanunvericiliyinə müvafiq bütün məsələlərin həyata keçirilməsini təmin edir.
2.3.Müntəzəm surətdə əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi ilə məşğul olur.
2.4. Peşə xəstəliyi olan və əmək qabiliyyətini itirmiş əməkdaşlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənc, müavinətlərin verilməsini və digər sosial təminat işlərinin yerinə yetirilməsini təmin edir. Zərərli əmək şəraitində və zərərli maddələrlə çalışan işçilərə əlavə əmək haqqı və ödənişli məzuniyyətlərin verilməsini təmin edir.
2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Əmək Məcəlləsi ilə müəyyən edilmiş milli bayramlarda maliyyə imkanları daxilində AMEA-da çalışan əməkdaşların mükafatlandırılmasını öhdəsinə götürür.
2.6. AMEA-nın elmi müəssisələrində keçirilən bayramlar və tanınmış alimlərin yubileylərinin qeyd olunması üçün Azad Həmkarlar İttifaqının ilk təşkilatları ilə müdiriyyətin birlikdə keçirdiyi mədəni-kütləvi tədbirlərə maliyyə yardımı göstərir.
2.7.AMEA-nın əmlakından AMEA Nizamnaməsinə müvafiq olaraq əməkdaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını AMEA AHİ ilə birgə həyata keçirir. Eyni zamanda AMEA Nizamnaməsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti qarşısında əməkdaşların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi və kooperativ ev, bağçılıq üçün torpaq sahəsinin ayrılması, Azərbaycan Respublikasında İpoteka kreditlərinin tətbiq edilməsi ilə bağlı AMEA əməkdaşları və xüsusilə də, gənclər üçün güzəştli şərtlərlə bu kreditlərin ayrılması istiqamətində AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti ilə birlikdə vəsatət qaldırırlar.
2.8. “Həmkarlar İttifaqları haqqında” qanuna müvafiq olaraq, AMEA Azad Həmkarlar İttifaqına zəruri olan otaqlar, avadanlıq, rabitə, nəqliyyat və s. vəsaitlərin pulsuz verilməsini və onların vaxtında təmirini təşkil edir.
2.9. AMEA-nın, onun elmi müəssisə və təşkilatlarının rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı komitələri üzvlərinin fəaliyyətlərini həyata keçirməsinə imkan yaradır.
2.10. AMEA-nın elmi müəssisə və digər təşkilatları Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının hesabına sosial, mədəni-kütləvi, idman tədbirləri və s. məqsədlər üçün müvafiq qaydada vəsait köçürə bilər.
2.11. AMEA-nın Rəyasət Heyəti iclaslarında AMEA-nın Azad Həmkarlar İttifaqının səlahiyyətli nümayəndələrinin iştirakını təmin edir.
2.12. AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti keçirdikləri yığıncaqda nəzərdə tutulmuş illik tədbirlər planını təsdiq edir.
III. AMEA-nın Azad Həmkarlar İttifaqı
3.1. Əmək kollektivlərinin üzvləri tərəfindən elmi tədqiqat işlərinin yerinə yetirilməsi məqsədilə verilmiş materialların, avadanlığın, maşın-mexanizmlərin saxlanılması, düzgün və səmərəli istismarına ictimai nəzarəti təşkil edir.
3.2 AMEA əməkdaşlarının sosial-iqtisadi və əmək hüquqlarını, məişət, istirahət və sağlamlığını müdafiə edən respublika qanunverici aktlarının yerinə yetirilməsini müdafiə edir, onları kurort-sanatoriyalara göndərişlə təmin edir. AHİ AMEA-nın nəzdində fəaliyyət göstərən istirahət evlərindən alimlərin, doktorantların, gənc mütəxəssislərin güzəştli şərtlərlə istifadə etməsinə köməklik edir.
3.3. AHİ AMEA-nın müxtəlif elmi tədqiqat institutlarında çalışan əməkdaşlarının şeir, rəsm və mahnı müsabiqələrini keçirir, fərqlənən əməkdaşları mükafatlandırır.
3.4. Əməkdaşların şikayət, ərizə və tələblərinin tənzimlənməsi məqsədilə mövcud qanunvericilik çərçivəsində mübahisəli məsələləri danışıqlar yolu ilə həll edir.
3.5. Əməkdaşlar və mütəxəssislər tərəfindən əməyin mühafizəsi haqqında qanunvericiliyə, texniki təhlükəsizlik qaydalarına riayət olunmasına, əmək mühafizəsinə və əmək intizamına, iş şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş işlərin icrasına ictimai nəzarət edir.
3.6. AMEA ərazisində və müəssisələrində fəaliyyət göstərən sosial məişət, yataqxana, mədəniyyət, iaşə obyektlərinin işinə nəzarət edir, onların işinin yaxşılaşdırılmasına, yeməkxanalarda hazırlanan yeməklərin keyfiyyətli olmasına ictimai nəzarət edir.
3.7. Əmək qanunvericiliyi, kollektiv müqavilə və digər normativ aktlarla əməkdaşlar üçün müəyyən olunmuş güzəşt və imtiyazlar verilməsinə ictimai nəzarət edir. AMEA-nın büdcəsinin formalaşmasında və xüsusən əməkdaşlara əmək haqlarının təyin edilməsində, onların bayramlarda mükafatlandırılması məsələrinin həyata keçirilməsində iştirak edir.
3.8. Spartakiadaların, o cümlədən idman yarışlarının təşkilini həyata keçirir. Müharibə və Əmək Veteranları şuraları ilə birlikdə AMEA əməkdaşlarının sosial məsələlərinin həll edilməsində iştirak edir.
3.9. AMEA Azad Həmkarlar İttifaqının pul vəsaiti fondu Həmkarlar İttifaqı üzvlərinin könüllü olaraq əməkhaqqından tutulan üzvlük haqqı hesabına yaranır. Hər ay Azad Həmkarlar İttifaqına daxil olan müəssisələr tərəfindən üzvlərin əməkhaqqının AMEA-nın AHİ-nin Nizamnaməsi ilə müəyyən olunmuş faizi “Həmkarlar İttifaqları haqqında” qanunun 20-ci maddəsinə müvafiq olaraq 4 iş günü müddətində mühasibat vasitəsilə tutulub, AMEA AHİ-nin hesabına köçürülür.
3.10. Sosial vəziyyəti ağır olan əməkdaşlara müvafiq maddi yardım göstərilir.
IV. Azərbaycan Milli Elmlər Akademiyasında iş
vaxtı və əməyin mühafizəsi
4.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq AMEA-da beş günlük iş həftəsi (36-40 saat olmaqla) tətbiq edilir. Qanuna müvafiq olaraq zərərli əmək şəraitində və zəhərli maddələrlə işləyən əməkdaşlar üçün qısadılmış iş həftəsi (36 saat) tətbiq olunur.
4.2. AMEA Azad Həmkarlar İttifaqı təşkilatlarının razılığı ilə AMEA təşkilatlarının əməkdaşları könüllü olaraq əlavə iş gününə (və ya günlərinə) cəlb edilə bilərlər. Belə hallarda əməkhaqqı Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin müvafiq şərtləri ilə tənzimlənir.
4.3. Müqaviləni imzalayan tərəflər əməyin təhlükəsizliyinin təmin edilməsi və əmək şəraitinin yaxşılaşdırılması sahəsində birgə fəaliyyət göstərirlər. Bu məqsədlə təhlükəsiz əmək şəraitinin yaradılması, AMEA-nın bütün bölmələrində əmək təhlükəsizliyinin təmin edilməsi və işçilərin sağlamlığının mühafizəsi üzrə proqram hazırlayır və həmin işlərə nəzarət sahəsində məsulliyyət daşıyan müştərək komissiya yaradırlar.
4.4. AMEA təşkilatlarında işə qəbul Əmək Məcəlləsinə görə müvafiq olaraq əmək müqaviləsi şəklində həyata keçirilir və kollektiv sazişdə əks olunmuş məsələlər tətbiq olunur. Əməkdaşların işə qəbulu və inzibati qaydada işdən azad edilməsi AMEA AHİ təşkilatları ilə razılaşdırılır.
4.5. AMEA işçilərinin əməkhaqqı mövcud Əmək Məcəlləsi əsasında, Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilmiş Vahid Tarif cədvəlinə, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarına uyğun olaraq ödənilir, əməkhaqlarının verilməsi müddətləri qanunveciliyə uyğun tənzimlənir.
V. Sazişin qüvvəyə minməsi
5.1. Bu Saziş Əmək Məcəlləsinə və Kollektiv müqavilələr və Sazişlər haqqında, həmçinin qüvvədə olan Azərbaycan Respublikası Qanunlarına əsasən AMEA Rəyasət Heyəti ilə Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında bağlanır və imzalandığı gündən qüvvəyə minir. Müqavilənin mətni hər iki tərəf üçün bir nüsxə tərtib edilmiş və hər iki mətn eyni hüquqi qüvvəyə malikdir.