Əfəndi Arif Cavanşir oğlu

Əfəndi Arif Cavanşir oğlu 1948-ci il 10 oktyabrda Zəngəzur mahalında ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Qafan şəhər orta məktəbinə daxil olmuş, 1966-cı ildə oranı qızıl medalla bitirmişdir. 1966-cı ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1971-ci ildə oranı bitirmişdir. 1971-1973-cü illərdə Sovet ordusunda zabit kimi çalışmışdır

Arif Cavanşir oğlu Əfəndi 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasında işləyir. 1973-1974-cü illərdə AMEA  Neft-Kimya Prosesləri İnstitutunda mühəndis kimi işləmişdir. 1977-ci ildə aspiranturanı bitirərək “Heksaxlorbutadienin dixlormalein anhidridinə oksidləşməsi reaksiyasının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977-1979 illərdə KTNPİ-da kiçik elmi işçi, 1979-1986 illərdə baş elmi işçi, 1986-1991 illərdə şöbə müdiri, 1991 ildən isə “Oksidləşmə proseslərinin kinetikası və mexanizmi” laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərir. 1988-ci ildə Moskvada SSRİ EA  Neft-Kimya Sintezi institutunda doktoranturada olmuşdur. 1990 ildə “C1-C4 xlorlu karbohidrogenlərin oksid katalizatorlar üzərində heterogen-katalitik oksidləşməsi” mövzusunda “Kimyəvi Kinetika və Kataliz” ixtisası üzrə doktorluq  dissertasiyası müdafiə etmişdir, professordur. 

A.C.Əfəndi 1978-1988-ci illərdə KTNPİ  Gənc Alimlər Şurasının sədri, AMEA Gənc Alimlər Şurasının sədrinin müavini olmuş, gənc alimlərin bir çox elmi konfranslarının təşkilatçısı olmuşdur. A.C.Əfəndinin elmi rəhbərliyi ilə 10 namizədlik və bir doktorluq dissertasiyası müdafiəyə hazırlanmışdır,        

A.C.Əfəndi 40 ildən çoxdur ki, Həmkarların fəal üzvü kimi çalışır.

Professor Arif Əfəndi hələ tələbə illərində 1968-1971-ci illərdə Neft Akademiyasının Kimya Texnologiya fakültəsinin həmkarlar komitəsinin sədr müavini və sədri işləmişdir. 1977-1986-ci illərdə AMEA Kimya Problemləri İnstitutunda həmkarlar komitəsinin üzvü, 1986-1992-ci illərdə sədr müavini, 1992-ci ildən hal-hazıra kimi isə Həmkarlar təşkilatının sədri işləyir. 

O, 1992-ci ildən AMEA Azad  Həmkarlar İttifaqının Məclis üzvü, Rəyasət heyətinin üzvü, 1996-ci ildən isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin  üzvüdür.

Bütün bu illərdə Arif müəllim özünün yaxşı bir təşkilatçı kimi göstərmişdir. O, həm İnstitutda, həm də AMEA AHİ bir çox tədbirlərin təşkilatçısı olmuşdur. O, AHİ-nin bütün  qurultaylarına nümayəndə seçilmiş, qurultaylara sədrlik etmişdir. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarının nümayəndəsi olmuşdur. A. Əfəndi AMEA AHİ-nin nizamnaməsini hazırlayan komissiyanın sədri olmuşdur.

A.C.Əfəndi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və ÜLKGİ-nin Fəxri Fərmanları ilə təltif edilmişdir.

05 fevral 2013-cü ildə AHİK-in IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.