Xəbərlər
05.11.2021 - 18:00
RSXM - DƏ 8 NOYABR - ZƏFƏR GÜNÜ QEYD OLUNUB

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RSXM-nin Həmkarlar Təşkilatının sədri, “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev öz çıxışında 8 noyabr - Zəfər günü haqqında danışarkən, bu bayramın Azərbaycan xalqının tarixində müstəsna rolu olduğunu bildirib.

“Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı ətrafında bir yumruq kimi birləşdi və bunun sayəsində biz qələbə əldə etdik”. E.Qaravəliyev bildirib ki, torpaqlarımızın azad olunmasında mərkəz əməkdaşları da iştirak ediblər. Həmçinin mərkəzin iki əməkdaşının övladları şəhid olub. Şəhid ailələri və qazilərin sosial problemlərinin hər zaman diqqətdə saxlanıldığını qeyd edən E.Qaravəliyev onlara maddi yardımların göstərildiyini qeyd edib.

Mərkəzin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə elmlər doktoru Tahir Məmmədli isə bildirib ki, 8 noyabr Azərbaycan xalqının təkcə qələbə günü yox, həm də birliyinin rəmzi günü kimi qəbul olunmalıdır. “Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz Ali Baş Komandanının, ordusunun ətrafında birləşdi və bunun sayəsində biz “Dəmir yumruq”la düşmənin başını əzdik, torpaqlarımızı azad etdik. Hesab edirəm ki, bizim üçün bu bayramdan gözəl bayram yoxdur”.

RSXM-nin baş direktorunun müavini Ramiz İsgəndərov isə çıxışında “Dəmir yumruq” əməliyyatının dünya hərb tarixinə yenilik olduğunu bildirib. “Biz bu qələbəyə görə öz Ali Baş Komandanımıza, ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq”.

Mərkəzin əməkdaşı Bəxtiyar Xanputov 44 günlük Vətən müharibəsi zamanı  dünyanın gözünün Azərbaycanda olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı təkcə cəbhədə düşmənə qarşı döyüşmürdü. Müharibə zamanı həm də bizə qarşı bir informasiya savaşı açılmışdı. “44 günlük Vətən müharibəsi boyunca Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi həm döyüşlərə rəhbərlik edirdi, həm də dünya mətbuatına müsahibələr verərək, real gerçəklikləri, həqiqətləri dünyaya çatdırırdı. Bu bayram bizim tariximizə ən gözəl bayram kimi yazıldı”.

Tədbir 8 noyabr –Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi