Xəbərlər
19.09.2016 - 16:00
Sentyabrın 19-da Akademiya Şəhərciyinin mini futbol stadionunda Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın institutları arasında keçirilən I Spartakiadanın açılış mərasimi keçirilib.

Açılışda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev, Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri, I Spartakiada Təşkilat Komitəsinin həmsədri Sitarə Bağırova, Akademiya institutlarının HİK-lərinin sədrləri, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Fizika İnstitutunun İnnovasiya və Transfer üzrə direktor müavini Ayaz Bayramov və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov iştirak ediblər. Tədbiri giriş sözü ilə akademik İ. Həbibbəyli açıb. İ.Həbibbəyli Fizika İnstitututnun Həmkarlar Komitəsinin Akademiyanın institutları arasında I Spartakiada keçirmək təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Qeyd edib ki, I Spartakiada Akademiyanın 15 institutunun Həmkarlar Təşkilatının dəstəyi təşkil olunub. O, I Spartakiadaya dama, şahmat, stolüstü tennis yarışları ilə yanaşı, futbol oyunlarının da daxil edilməsini təqdirəlayiq olduğunu vurğulayıb. Çıxışının sonunda akademik İ. Həbibbəyli yarışda iştirak edən hər bir İnstitutun komandasına uğurlar arzu edib və I Spartakiadanı açıq elan edib. 

Açılış mərasimindən sonra I Spartakiadanın futbol üzrə ilk oyunları keçirilib. Saat 13:00-da Fizika İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Geologiya və Geofizika İnstitutu ilə Memarlıq və İncəsənət İnstitutu qarşılaşıblar. Fizika İnstitutunun komandası rəqib üzərində 15:2 hesabı ilə qələbə qazanıb. Geologiya və Geofizika İnstitutu isə Memarlıq və İncəsənət İnstitutunu 7:0 hesabı ilə məğlub edib. 

Saat 14:00-da isə Avə B qruplarının növbəti oyunları keçirilib. Bu mərhələdə İqtisadiyyat İnstitutu İdarəetmə Sistemləri İnstitutuna 3:10 hesabı ilə məğlub olub. B qrupunun oyunlarında isə Neft-Kimya Prosesləri İnstitutu ilə Respublika Seysmoliji Xidmət Mərkəzinin komandası qarşılaşıb. Neft-Kimya Prosesləri İnstitutu rəqib üzərində 16:1 hesabı ilə qələbə qazanıb. 
Saat 15:00-da Genetik Ehtiyatlar İnstitutu komandası ilə Tarix İnstitutunun komandası, Radiasiya Problemləri İnstitutu ilə Şərqşünaslıq İnstitutu qarşılaşıb. Genetik Ehtiyatlar İnstitutu rəqib üzərində 18:3 hesabı ilə qələbə qazanıb. Şərqşünaslıq İnstitutunun komandası oyundan imtina etdikləri üçün həmin komandaya texniki məğlubiyyət verilib və Radiasiya Problemləri İnstitutunun hesabına 3 xal yazılıb. 

I Spartakiadanın stolüstü tennis üzrə yarışları sentyabrın 20,21 və 22-də saat 11:30-da, şahmat və dama üzrə yarışlar isə sentyabrın 27,28,29 və 30-u saat 13:00-da Fizika İnstitutunda təşkil olunacaq.