FƏRZƏLİYEV ZÜLFÜQAR İSLAM OĞLU

Fərzəliyev Zülfüqar İslam oğlu, 14 dekabr 1950-ci il tarixində anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, Tbilisi Dövlət Rəssamlıq Akademiyasını, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-1991-ci illərdə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası MK yanında İctimai Elmlər Akademiyasının qiyabı şöbəsində təhsil almışdır.

1977 -1978-ci illərdə hərbi xidmətdə olmuş, 1978-1993-cü illərdə respublika Mədəniyyət nazirliyində bədii-ekspert kollegiyasının üzvü, idarə rəisinin müavini, idarə rəisi, “Şəfəq” İstehsalat müəssisəsinin direktoru, 1988-ci ildən isə nazir müavini işləmişdir. 

1993 -1994-cü illərdə “Avand” İstehsalat cəmiyyətində məsləhətçi, 1994 -1998-ci illərdə “BMT-ya Yardım Assosiasiyasının” icraçı katibi, 1998 -2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin Beynəlxalq Əlaqələr və Mətbuat Xidməti şöbəsinin müdiri, daha sonra bir sıra qəzetlərdə şöbə redaktoru, baş redaktorun müavini,  2009-cu ildən isə Qafqaz Müsəlmanları İdarəsinin Nəşriyyat şöbəsinin müdiri və “Haqqın nuru” həftəlik dini-ictimai qəzetinin baş redaktoru vəzifəsində işləmişdir.
2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin mərkəzi aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsinin rəisi, həftəlik elmi-ictimai “Elm” qəzetinin baş redaktoru, eyni zamanda “Elm və həyat” jurnalının baş redaktorunun müavini və “AMEA-nın Xəbərlər məcmuəsi”nin redaksiya heyətinin üzvüdür.             

SSRİ Rəssamlar və SSRİ Jurnalistlər İttifaqlarının və respublikanın müvafiq qurumlarının, həmçinin Rusiya Jurnalistlər İttifaqlarının üzvüdür. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.