Bağırova Sitarə Məmmədhüseyn qızı

Sitarə Məmmədhüseyn qızı Bağırova 20 fevral 1958-ci ildə Naxçıvan MR-nın  Naxçıvan şəhərində anadan olmuşdur. 1975-ci ildə Naxçıvan şəhərindəki C.Məmmədquluzadə adına 2 saylı orta məktəbi bitirmişdir. 1977-1979-cu ildə Naxçıvan şəhər Xalq Deputatlar Sovetinin deputatı olmuşdur. 1979-ci ildə akademik Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ildən AMEA Fizika İnstitutuna aspiranturaya qəbul olduqdan sonra orada işləyir. Hal-hazırda aparıcı elmi işçi vəzifəsində çalışır, fizika ixtisası üzrə fəlsəfə elmləri doktorudur. İnstitut Elmi Texniki şurasının üzvüdür. 5 müəlliflik şəhadətnaməsi almış, 50-dən artıq elmi məqaləsi çap olunmuşdur.

1989-cu ildən İnstitut Həmkarlar İttifaqı Komitəsinin üzvü olmuşdur. 1993-cü ildən AMEA Fizika İnstitutunun HİK-nin sədridir. Onun sədrliyi dövründə Fizika İnstitutunun 200 əməkdaşına Xəzər rayonunun Zirə qəsəbəsində torpaq sahəsi verilmişdir. Əməkdaşlara verilən həmin torpaq sahələrinin şəhadətnamələri və texniki pasportunun alınmasını təmin etmişdir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi  günü hər il bədii qiraət, musiqi alətində ifaçılıq, rəqs, əl işləri üzə “Səni tərənnüm edirəm Vətən“, “İstedad axtarırıq”, “Yaşa Azərbaycan” və s. müsabiqələri keçirmişdir. Əməkdaşların sifarişi ilə  hər il Azərbaycanın dilbər guşələrinə turist səfərlərini yüksək səviyyədə təşkil edir. Yeni il, 8 mart Beynəlxalq Qadınlar günü, Novruz bayramlarını əməkdaşlarla birlikdə hər il keçirir. Həmkarlar Təşkilatının bilavasitə köməkliyi ilə hal-hazırda İnstitut əməkdaşlarına Yeni Yasamalda Əsəd Əhmədov küçəsində güzəştli şərtlərlə 3 il müddətinə kooperativ mənzil tikdirir. Gənc mütəxəssislər üçün hər il İngilis dili kursları təşkil edir. 

 2005-ci ildən Həmkarlar İttifaqı Komitəsinin birbaşa təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə və Maliyyə Nazirlikləri ilə razılaşma əsasında Fizika institutunda zərərli şəraitdə işləyən əməkdaşlarının iş şəraitinə əsasən əmək haqlarına 8-20 % məbləğində əlavə müavinətlər ödənilir. Zərərli şəraitdə işləyən əməkdaşları hər il bir dəfə tibbi müayinədən keçirir. 

Hər il Ulu öndərimiz H.Əliyevin anadan olduğu gün institutun gənc alim və mütəxəssisilərinə "Ən yaxşı elmi nəticələrinə" görə mükafat və diplomların verilməsini institut rəhbərliyi ilə birlikdə həyata keçirir.

 15 ildən artıqdır ki, AHİK Məclisinin,  AMEA AHİ Rəyasət Heyətinin və Məclisinin üzvüdür.

Sitarə Bağırova nəinki öz İnstitutunda, həmçinin AMEA-da keçirilən Dövlət səviyyəli tədbirləri həyata keçirməyi bacaran yüksək təşkilatçı Həmkarlar İttifaqı Komitəsinin sədridir.

05 fevral 2013-cü ildə AHİK-in IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.